Novruz gəlir, yaz gəlir !
Novruz gəlir,yaz gəlir sətri yəgin ki, çoxunuza tanış gələr. Azərbaycanda hər Novruz bayramı ərəfəsində mütləq bütün televiziya kanallarında, radioda Aygün Kazımovanın ifasında bu mahnı oxunur. Mahnının sözlərinin müəllifi Ramiz Rövşən, bəstəkarı isə Cavanşir Quliyevdir. Hər qulaq asanda nostalji hisslərə qapılıram. 6 ildir ki,məhz Novruz bayramını evdə qeyd edə bilmirəm, nə də olsa. Amma yazını yazmaqda məqsədim sizin “incə tellərinizə” toxunmaq deyil :) Bir neçə gün əvvəl yataqxanada otaqda tək qalma şansı yaxalamışdım :D Instagramda, facebookda, və b. sosial şəbəkələrdə təqib etdiyim Azərbaycanlı tanışlarımın harayla paxlavalar, şəkərburalar, səmənilər, boyanmış yumurtalar paylaşdıqlarını gördüm. Yalnış anlamayın, virtual paylaşım. Şəkillərini. Bu da bizim yaşadığımız dövrün ciddi problemidir məncə. O paylaşılan şəkillərin yerinə paylaşılan yardımlar olsa bəlkə cəmiyyətimizdə bu qədər bərabərsizliklər olmaz. Qısacası, bu şəkilləri görüb mən də uşaqlıq illərimi yadıma saldım. Və düşündüm ki, bir post yazmaq üçün yetərli sayıda xatirəm var :)
Necə intellektual bir gənc olduğumu göstərmək üçün istəyirəm öncə bayram haqqında bir az məlumat verim :D Abbas Səhhətin “Yaz” şerində dediyi kimi “ O gün ki fəsli-yaz olar,gecə, gündüz taraz olar”, Novruzun qeyd olunduğu gün, yəni martın 21-i, gecə ilə gündüzün bərabərliyi yaşanır. İranın təqvimi olan Hicri təqviminə görə də yeni ilin ilk günü sayılır. Zərdüştlüyə qədər uzanan, hətda ondan çox daha əvvəl yarandığı iddia edilən bir kutlamadır. Əslində Azərbaycanda da Novruz yeni ilin gəlişinin simvoludur. Sadəcə Azərbaycanın rəsmi təqvimnin Qriqori təqvimi olduğuna görə Novruz sadəcə yazın gəlişini xatırladan, simvolik bayrama çevrilib bizim üçün.
Novruzun çox sayıda ritualları var. Bayramın ən çəkici yanı da elə budur. Hələ gənc qızlar üçün əsl “gələcəkhəyatıtəyinetmə” ayı olaraq da adlandırıla bilər :D Gecə yarısı aya baxaraq gələcək “talibini” görmə çabalarını mı deyim sizə, yastığının altında üzük qoyaraq gecə yuxuda evlənəcəyi insanı görmə ümidiylə yatmağı mı, üzüyün arasından sap keçirib, üzüyü suyun üstündə tutaraq tıkkıltısını sayıb evlənəcəyin yaşı müəyyən etməyi mi və daha nələr, nələr. :D Amma bütün bu ritualların tək hədəfi var- evlilik. Bunun səbəbi də, təbii ki, mənim üçün məchul olaraq qalır :) Yəgin ki, cəmiyyətimizin patriarxal köklərindən gələn bir adətdir. Çünki qadının “həyat yoldaşı” və “ana”dan başqa vəzifəsi ola bilməz! Təəssüf ki, bu ideologiya Azərbaycanda hələ də mövcuddur.
Nə isə, bunu keçək :) Gələk papaq atma məsələsinə. Ən ekstrimli, ən əyləncəli, ən məhsuldar bir adət olub hər zaman mənim üçün. Hələ uşaq ikən bayram axşamlarını o qədər həyəcanla gözləyirdim ki! Ən təmiz, ən rəngli, ən bəyəndiyim papağımı seçib çıxmağa hazırlaşdığım an anam qapıdan qaytarıb əlimdəkini əlimdən alıb, yerinə qara rəngdə “Ağanatiq papağı” verib yola salırdı :D Məhlə uşaqlarıyla ustalıqla bir hücum planı qururduq. Qonşuları aramızda paylaşdırırdıq. Missiyamızı yerinə yetirdikdən sonra yenidən görüşmə yerinə qayıdacağımızı söz verərək hərəmiz öz “sahəmizə” çəkilirdik. Sahə dediyim də hər birimizin yaşadığı “blok” olurdu. Nə də olsa, o ərazinin insanlarını yaxşı tanıyırdıq. İnsanlar demişkən, qonşulardan söz açım. Qonşularımız heterogen idi. Amma nənəm həmişə deyirdik ki, qonşulardan “yarımamışıq” :D Açığı, individuallarla maraqlanan biri olmamışam heç vaxt. Kim necə yaşayır, harada yaşayır, nə ilə məşğul olur kimi detallar məni maraqlandırmayıb. Amma nənəmin işlətdiyi cümləni papaq atma mərasimi zamanı başa düşürdüm. Alt qonşumuz var idi, X xala :D Hər papaq atdığımda uzun müddət qapını açmırdı. Məyus olub artıq papağı geri almaq üçün yollananda, dərhal qapı açılırdı. Mən qapının qabağında, çaşmış bir vəziyyətdə,Ruslar demiş “на месте преступления” yaxalanırdım. Sonra başıma sığal çəkib, yazıqlanaraq mətbəxə gedib, 3-4 fındıq, 1 konfet, 2-3 qoz gətirib qoyardı papağa. Mən,təbii ki, çox hirslənərdim. Bir müddət əvvəl dərsdə müzakirə etdiyimiz “ Dövlət vətəndaşa yazıqlandığı üçün yox, vətəndaşın haqqının olduğu üçün verməlidir” argumenti əslində bu hadisə üçün də keçərlidir. Papağın doldurulmağı bizim haqqımız idi bu bayramda. X xala hələ də qonşumuzdur. Allah ömrünü uzun etsin, nə deyim :) X xaladan sonra çıxırdım üst qonşumuza. O da papaqlara fındıq doldurmaqla məhşur idi uşaqların arasında. Olsun, ən azından fındığı qarantiyaya alım sonra başqalarına keçərəm düşünərək onlara hər zaman cəsurca atırdım papağımı :D Sonradan fındığı məhsul boxçama- həyətdəki marketin Sibel Can şəkilli paketimə boşaldıb yollanırdım başqa mərtəbələrə :D Alt mərtəbədə yenə bir xala var idi, Y xala deyək ona da. Onun əli bol idi. Atılan papaqda konfetlər, paxlavalar, şəkərburalar, qısacası, Allah nə vermişdirsə tapa bilərdiniz. Mən də hər zaman öz-özümə düşünürdüm ,“ Gör xaladan xalaya necə fərq var e!” :)
Çox idi qonşularımız, hamısına atırdıq papaqlarımızı. “Bəxtinizi bir daha sınayın” yazılı kağızlar da tapdığımız olurdu, dadlı-dadlı Novruz neymətləri də. Missiyamızı bitirdikdən sonra da əvvəlcədən müəyyən etdiyimiz yerdə görüşüb uşaqlarla dəyiş-tokuş edirdik. “-Sən mənə o konfeti ver, bax məndə şəkəbura var! -Yaxşı, amma sabah axşam sənə rəngli yumurta qoysalar,onu mənə verərsən” kimi dialoqlar :) Təbii ki, o dəyiş-tokuşların arxasında Marksın dediyi gərəkli əmək zamanı durmurdu. Bizim dəyişim sadəcə uşaq istəkləri üstündə qurulmuşdu. Amma ən məsum olanı da elə bu idi! :)
Martın 19-u olduğuna görə də artıq qarşıdan gələn bayramınızı təbrik edə bilərəm! Həyatınızda bir tək bahar ayları deyil, hər zaman bahar əhval-ruhiyyəsi olsun, qəlbiniz çiçək açsın, gözləriniz yenicə tırtıldan kəpənəyə çevrilmiş kəpənəyin uçuşunu izlərcəsinə mutlu, yeni ilinizi isə ruzi-bərəkətli olsun! Bayramınız mübarək! :)