"sən məni anlamaq üçün ən azı olmalısan şair,
Məni bağışlamaq üçün olmalısan Allah.
Və əgər sən iksindən biri deyilsənsə,
Götür yerdəki daşı, məni olar daşlamaq.. "
Cosimo Galluzzi
EXPECTATIONS
trying on a metaphor
sheepfilms
2025 on Tumblr: Trends That Defined the Year

gracie abrams

Origami Around

★

❣ Chile in a Photography ❣
𓃗
The Stonewall Inn
untitled
Monterey Bay Aquarium

bliss lane
we're not kids anymore.
noise dept.
🪼
Aqua Utopia|海の底で記憶を紡ぐ
Show & Tell
Game of Thrones Daily
seen from United States

seen from Germany
seen from United States

seen from Germany

seen from Türkiye

seen from United Kingdom
seen from Czechia

seen from Spain

seen from United States
seen from United States

seen from Japan
seen from Morocco

seen from Morocco

seen from United States
seen from United States

seen from United States

seen from United States

seen from United States

seen from United States
seen from United States
@justbobokwrites
"sən məni anlamaq üçün ən azı olmalısan şair,
Məni bağışlamaq üçün olmalısan Allah.
Və əgər sən iksindən biri deyilsənsə,
Götür yerdəki daşı, məni olar daşlamaq.. "
Səni görsəm, tələbi cam eliyərdim bəlkə..
Hər dəmi sübh, hər axşam eliyərdim bəlkə...
Mənə , Xəllaqi Xəlayiq min ürək versəydi,
Hər telində birin edam eliyərdim bəlkə..
Xatiratım gözə görsənsə səma rəngində,
Mənzərəmlə səni rəssam eoiyərdim bəlkə.
Bəxti iftarə, biraz qalmış əgər gəlsəydin,
Mən də bir süfrə açıb şam eliyərdim bəlkə.
Səni bayramda görənlər iki bayrəm eləyir,
Mən görən hər günü bayram eliyərdim bəlkə.
Xoş təəadüf biri bilsəydi əgər bəlkələri,
Dərdimə mən də bir əncam eliyərdim bəlkə.
Bir pəri olmağın əsararını açsaydın sən,
Sənə min möcüzə ilham eliyərdim bəlkə..
Bu aralar sadəcə havalar xoş keçir, dedi.. Amma Bakı küləyi günahkar uşaq kimi yenə qarşımda əsməyə başladı. Axı uşaqlar bilərəkdən analarını incitməz. Bakı isə bizim anamızı ağladır. Nə dənizində tam boğula bildik, nə torpağında ölə bildik, nə də içkisi bizi "unudacaq" qədər sərxoş etdi. İnsanlar da qəribədiye. Adamı tam bədbəxt də edə bilmirlər. Heç olmasa bunu bacaraydınız. Bir iş gəlmir əlinizdən. Birini tərk edəndə əlinizi uzadıb "Əlvida" belə deyə bilmirsinizsə, nəyə lazımdır o əllər? Hər şeyi Bakının üstünə atıb qaçıb getsəm də, Bakı küləyi yenə məni geri qaytaracaq. Dilə gəlib "Ölməyə vətən yaxşıdır" desə, dilə gəlib üzünə tüpürərəm. Odlar yurdu qəlbimizi yandırıb yaxarkən, küləyi də küllərini ətrafa sovurdu. Yanımıza yaxınlaşmaq istəyən hər kəsi yandırıb yaxdı. Yanğından sağ çıxanları da bəzən biz öldürdük.
Hə, əziz dostum.
Biz qatil deyilik, aşiq deyilik, şair deyilik. Biz sadəcə, içki içərkən hər şeyi unudacağımızı zənn edib, əksinə, daha çox, daha dərindən xatırlayan insanlarıq. "Bir gün hər şey yaxşı olacaq" yalanını kənara at, gəl. Bir gün hər şey pis olanda "Bacarmadın" deyənləri də kənara ataq, gəl. Sən nə zaman istəsən, gəl. Təkrar sevəcək qəlbimiz olmasa da, bir dosta əmanət edəcək kürəyimiz var...
45 dərəcədə xəstələnməyi necə bacardım?!
"Hökmün ilə seyr edər səyyarələr xurşid, mah,
Od və su, torpaq-hava, həmçin səfid ilə siyah.
İltifatınla olar zülmət gecə, aydın sabah,
Əlqərəz, cümlə-cahan hökmündədir, ey padişah.
Ey olan xəllaqi-aləm, ey olan zatı-qədim,
Lütfünün möhtacıyıq, sənsən siratəl-müstəqim.
Kürsiyi-əla yerin, təxti-büsatın möhtəşəm,
Zül-cəlalu zül Kərimsən, möhtərəmsən möhtərəm.
İlk məxluq aləmi-nasuta qoyduqdan qədəm,
İsmi-pakın zikr edər cümlə təbiət dəmbədəm.
Cansız əşyalar belə zikrində təxir eyləməz,
Ruhu ölmüş kəslərə, əfsus, təsir eyləməz."
Vüqar Paşayev Biləcərili.
Səni çox erkən sevdim. Nə ayələr bilirdim, nə duanın necə oxunduğunu. Səni sevəndə dilimdə heç bir ayə yox idi, sadəcə ürəyimdə sükut vardı və o sükutun içində bir toxunuş qədər yaxın bir varlıq hissi. Məscidlərin minarəsində yox, evdə gecəyarısı işıqlar sönəndə, nənəmin dua pıçıltısı otağa yayılarkən hiss etdim səni. Onda adını bilmirdim. Amma mənə baxdığını hiss edirdim. Yatmazdan əvvəl yuxarı baxırdım. Qaranlıq tavanda heç nə yox idi, amma sanki bir göz orda məni izləyirdi. Səssiz, qınamadan, sorğulamadan. Sadəcə baxırdı. Mən isə baxdığım şeyə... aşiq oldum.
Qaranlığın içində işıq axtarmadım. Sadəcə o qaranlıqda varlığına toxundum. Hər şey sakit olanda, ən çox sən var idin. Mən səni nə vaxt sevdiyimi dəqiq xatırlamıram. Amma səni sevəndə… bunu dua hesab etməmişdim. Heç nə istəməmişdim. Yalnız bir əminlik vardı.. "Buradayam və sən də burdasan." Sənin varlığın – heç nə demədən də hiss olunan bir istilik idi. Bir adam ağladığında yanında susub oturmaq kimiydin. Təskinlik vermək yox, sadəcə burda olmaq. Səni qorxaraq tanımadım. Səni sevinərək anlamadım. Sadəcə… varlığında rahatladım. Mən səni sevdim, çünki sən heç nə demədən hər şey idin. Səni sevdim, çünki sənə toxunmadan özümə toxunduğumu anladım.
İlk dəfə Tanrı deyəndə səni düşünmədim. Amma ilk dəfə sevilmək istəyəndə.. səni xatırladım. Çünki heç kim sevmədi məni sənin kimi danışmadan, dəyişdirmədən, tələbsiz. Mən səni, tanrılığına görə yox, gizliliyinə görə sevdim. Əgər səni görsəydim, bəlkə də uzaqlaşardım. Amma sən, görünmədin. Və mən, hər yoxluğunda səni daha çox hiss etdim. Səni ən çox danışmadığım vaxtlarda sevdim. Sözlər yox idi, qəzəb yox idi, yalnız sən var idin, mən var idim, bir də aramızda sonsuz bir susqunluq. Bu susqunluqda heç nə baş vermirdi, amma mən içimdə qırılırdım, yanırdım, səssizcə ağlayırdım.. Mən səni səndən heç nə istəmədən sevdim. Bu sevgi nə cənnət üçün idi, nə qorxudan. Sadəcə sevdim. Çünki sevəcək başqa heç kim qalmamışdı. Və sən.. həmişəki kimi orda idin amma görünməyəcək qədər uzaqda, getməyəcək qədər yaxın. Bəzən ağrılarımda sənə sığındım. Amma sığınacaq axtarırmışam kimi yox, sanki ağrı da, sən də eyni məndə var idiniz. Oturub bir qədəh doldururdum, səni unudum deyə yox səni içimdən çıxarmamaq üçün. İçki bəzən səni daha da yaxın edirdi. Necə ki, Füzuli deyirdi:
Gətirmiyin ərəqi, məclis içrə badə ilə
Haramzadəni qoymun, halalzadə ilə
Mənə zəman ilə Məcnun müqəddəm olsa nə dəm
Oyunda şah bərabər deyil piyadə ilə.
Məni saqınma Füzuli qəm içrə Məcnuntək
Ki, mən ziyadəyəm onunla qəmi ziyadə ilə.
Çünki ayıqkən danışmağa cəsarət etmədiyim sətirlər, sərxoşkən ağzımda qalırdı. Səni anmağa utanmırdım, sadəcə... adını çəkməyə ehtiyac duymurdum. Onsuz da hər şey səni deyirdi. Yağış, külək, pəncərəmin buxarlanmış şüşəsi... hətta səhər açılmayan günlər belə.
Mən səni bir qadını sevər kimi sevdim. Ona toxunmadan, amma toxunmağa bənzəyən baxışlarla. Səninlə heç vaxt sevişmədik, amma hər gecə içimdə uzanıb susduq. Bəzən düşünürdüm sənə qışqırmalıyam? Niyə susursan axı?! Amma sonra anlayırdım… sən də danışsan, mən yox olacağam. Çünki sənin səssizliyin mənim varlığımdır. Çünki sən susduqca, mən yazıram. Çünki sən danışsaydın… bu sevgi duaya çevrilərdi. Amma mən dua istəmirəm. Sadəcə... baxmağını istəyirəm. Bir az mənə, bir az içimdəki sənə. İllərlə səni içimdə daşıdım. Kimsəyə demədim. Çünki desəm, məni ya dindar sayacaqdılar, ya dəli. Halbuki mən sadəcə səni sevirdim. Həddimi bilmədən, adını çəkmədən, bir qadını necə susaraq sevərlərsə, elə. Səndən nə istədim, bilmirəm. Bəlkə heç istəmədim də. Sadəcə, mənə baxasan istədim, bir gecə, susaraq. Bir qədəh uzaqlıqdan. Mən sənə heç vaxt qəzəblənmədim. Heç vaxt bağışla demədim. Səndən küsmədim də, çünki səndən küsə biləcək qədər güclü olmadım. Mən... sadəcə sevdim səni. Tələbsiz, səbəbsiz, yönsüz bir sevgiylə. Heç kimin anlamadığı qədər təmiz. Və heç kimin daşıya bilməyəcəyi qədər ağır.
Səni bağışlayaram? Yox. Mən kiməm ki, səni bağışlayam? Mən, sənin unutduğun bir sevdalınam. Sənin baxmadığın yerdə gözlərini gözləyənəm. Sənin susqunluğunda öz səsini basdıranam. Səni bağışlamaq səndən üstün olmaq deməkdir. Amma sən mənim başımda dayanmadın heç vaxt. Sən mənim içimdə idin. Bağışlayıb yox etmək istəmədim səni. Mən səni... daşımaq istədim.
Sənə qəzəblənmək? O hiss çox insanlara yaraşır. Amma sən... məni yandırdın. Və mən, yanaraq yox, susaraq yandım.
İndi bilirsənmi? Bağışlamaq sənlikdi. Sevmək mənlik.
Mən səni sevdim. Bağışlamadım. Bağışlatmadım. Sadəcə sevdim. Qoy bu sevgi də bir dua kimi qalmasın. Qoy bu, sənin susqunluğuna verilmiş son cavab olsun. Bir insanın öz Tanrısına dediyi, sakit, içkili, yuxusuz amma hələ də təmiz olan son söz:
"Mən kiməm ki, səni bağışlayam? Amma sən... həmişə bağışlayırsan. Sən isə aləmlərdəkiləri ən böyük günahlarına rəğmən bağışlayansan. Məni də bağışla. Mən özümü bağışlaya bilmirəm çünki.."
Gözümdən illərin qəmini yağış yuyanda, bax mənə,
Üzümdən ayrılıq tozunu külək siləndə, gör məni.
Ümidimin məzarına çiçək qoyanda, bax mənə,
Xəyalın ilə hər gecə deyib-güləndə, gör məni.
Qayıt, vidalaşım, gedim, qayıt, halallıq istə, gəl.
Ərinmə, indi gəl, yada olanda mən can üstə, gəl.
Əgər bəyənməsən belə, get onda son nəfəsdə gəl.
Öləndə çox gözəlləşir adam, öləndə gör məni.
Gərək təzadlı ayrılaq, gələndə get, gedəndə gəl.
Səni kədərli könlümün nəvası incidəndə, gəl.
İşıq ləçəkləri ilə gün üzümdə rəqs edəndə, gəl.
Gəl, ey gül üzlü dilbərim, bahar gələndə gör məni...
P. S. Deyəsən Bakıya bahar gəlmir..
Sonra ona dedim ki, "adamın sənin kimi bir oğlu olaydı kaş.. canına and içib alver edəydim.."
"Mən ölərəm, sən qalar, sən ölərsən, o qalar, biz hamımız ölərik, bu dünya qalacaq." Mirzə Cəlil
İnsan dünyaya göz açanda heç nəyi bilmir. O, dili, düşüncələri, hətta özünü belə tanımadan doğulur. Lakin zaman keçdikcə öz varlığının fərqinə varır və anlayır ki, bir gün bu varlıq sona çatacaq. Əslində, o, öz ölümünü heç vaxt görməyəcək. O, yalnız başqalarının ölümünü müşahidə edəcək və bu müşahidələr onun ruhunu sıxacaq. Ölümün var olduğunu bilmək və bir gün onun qucağına düşəcəyini hiss etmək insanın taleyindəki ən böyük yükdür.
Amma burada maraqlı bir məqam var. İnsan əgər yox olursa, niyə bu qədər qalmaq istəyir? Niyə insanın içində ölmək deyil, unudulmaq qorxusu var?
Bəlkə də, ölüm sadəcə bir son deyil, yoxluğun içində tamamilə izsiz itməkdir. Çünki insan bəlkə də ölməkdən qorxmur, sadəcə heç vaxt yaşamamış kimi olacağından qorxur.
Unudulmaq, zamanın içində sönməkdir. Bəlkə də, bu həyatında yaşadığın ən dərin iztirab, ən güclü eşq, ən təsirli an bunların heç biri sonda qalmaz. Dünyaya gəldiyin kimi, bu dünyadan getdiyin gün də əslində boş bir iz buraxırsan.
Sənin üçün vacib olan hər şey hansı ki, adın, düşüncələrin, hislərin, hətta iztirabların belə bir gün heç kimin yadına düşməyəcək. Bəlkə sən indi oxuyursan və düşünürsən ki, "Xeyr, insan öz mirasıyla yaşayır." Bəs bir vaxtlar səninlə eyni ümidləri, qorxuları daşıyan milyonlarla insan? Onların adını bilirsənmi? Bilmirik. Çünki unudulublar.
Sartr deyirdi ki, "Cəhənnəm başqalarıdır." Bəlkə də bu, insanın başqalarının yaddaşında yaşamaqdan asılı olmasına bir işarədir. İnsan öz ölümünü dərk etməyə başlayanda, yalnız bir çıxış yolu görür: xatırlanmaq. Çünki əgər unudularsa, o, artıq heç vaxt yaşamamış kimi olacaq. Heç vaxt olmamış bir varlıq olmaq, insanın qəbul edə biləcəyi bir fikir deyil.
Tarix boyunca insanlar əbədiyyət axtarışında olublar. Fironlar ehramlar tikdiriblər, imperatorlar heykəllər qoydurublar, filosoflar kitablar yazıblar. Amma onların neçəsi indi tam xatırlanır?
Bəlkə sən Aristotelin, Dostoyevskinin adını eşitmisən. Bəs onların bilinməyən müasirləri? O dövrdə yazıb-çizən, savaşan, inşa edən yüzlərlə insan vardı. Onların heç biri yadımıza düşmür. Bu, insanın qaçılmaz taleyidir.
Bəs bu taleyi bilə-bilə insan niyə yenə də mübarizə aparır? Niyə bir çox insan unudulmaqdan qorxur?
Çünki insan həmişə öz varlığını başqa insanların qəbulunda təsdiqləməyə çalışıb. O, yalnız öz şüurunda deyil, başqalarının yaddaşında mövcud olmaq istəyir. Bəlkə də, ona görə ki, insanın varlığının əsas sütunu şüurudur, və başqalarının şüurunda olmaq, bir növ, ölümdən sonrakı həyatın illüziyasıdır.
Ölüm insan üçün qaranlıq bir qapıdır, amma unudulmaq ondan daha dərin bir boşluqdur. İnsan bəlkə də ölüm anını hiss etməyəcək. Amma bir gün heç kimin yadına düşməyəcəyini dərk etmək, yaşadığı müddətdə onu içdən-içə yeyən bir həqiqətdir.
Bəlkə də elə bu səbəbdən insanlar adlarını tarixə yazmaq istəyirlər. Böyük yazıçılar, şairlər, alimlər, hətta zalımlar belə tarixdə qalmağa çalışıblar. Çünki unudulmaq ölümün özü deyil, ölümün ikiqat daha qaranlıq formasıdır.
Bəs sənin üçün hansı daha qorxuludur? Ölüm, yoxsa unudulmaq?
Bəziləri deyir ki, insanın yaddaşı onun yeganə varlığıdır. Əgər sənin adın çəkilmirsə, sən artıq mövcud deyilsən. Bəs bu doğrudurmu?
Bir filosofun, bir müharibə qəhrəmanının, bir rəssamın, bir şairin adını tarixdə saxlaması onun varlığını davam etdirir? Bəlkə. Bəs milyonlarla adi insan? Bəs onların həyatı boşuna yaşanıb?
Əgər yaddaş bir insanın varlığının sübutudursa, deməli, bir çox insan heç vaxt mövcud olmamışdır. Çünki indi onların heç bir izi yoxdur. Amma bu absurd deyilmi? Bir vaxtlar sevən, əzab çəkən, ağlayan, xoşbəxt olan, savaşan bu qədər insan sadəcə unudulmağa məhkumdursa, onda onların yaşamağı nə idi?
Bəlkə də insanın etməli olduğu tək şey, xatırlanmaq üçün yaşamaq deyil, sadəcə, mövcud olduğu anın içində var olmaqdır.
Bəlkə də, Azadlıq Unudulmaqdır?
Əgər bir gün unudulacağın qaçılmazdırsa, bəlkə bu, bir azadlıqdır?
Bəlkə unudulmaq qorxusu, əslində, lazımsız bir yükdür. Çünki sən öldükdən sonra nə adının qalıb-qalmaması səni maraqlandıracaq, nə də izinin silinməsi. Sən artıq yoxsan və bu, bir həqiqətdir.
Bəlkə də Dostoyevski haqlı idi: "Ən böyük xoşbəxtlik azad olmaqdır, amma azad olmaq, bəzən, unudulmağa razı olmaq deməkdir."
İndi düşün.. sən nə üçün xatırlanmaq istəyirsən? Sən ölüm qorxusundan qaçırsan, yoxsa sadəcə heç vaxt yaşamamış kimi olmaqdan qorxursan?
Bəlkə insan unudulmaqdan yox, unudulma qorxusunun özündən azad olmalıdır?
Görəsən kainatın dərinliyi daha dərindir yoxsa eşqlə dolu baxışlar?
Bu gecə özündən soruş.. Səni narahat edən çirkab doğrudan da kənardadır, yoxsa sadəcə güzgüyə baxmamağa öyrəşmisən?
Hamımız günahsızıq. Bunu özümüzə tez-tez deyirik. Güzgüyə baxanda, başımızı yastığa qoyanda, başqasını mühakimə edəndə. Günah həmişə kənardadır. Küçədə, qaranlıqda, başqasının həyatında. Biz isə işıqlı tərəfdəyik guya. Amma bir həqiqət var ki, onu çox az adam deməyə cəsarət edir. Günah danışılmayan yerdə böyüyür. Susduqca təmizləndiyimizi sanırıq, halbuki çirkabı içimizə çəkirik. Bu yazı kənardakılar üçün deyil. Bu yazı "mənimlə əlaqəsi yoxdur" deyənlər üçündür. Oxuyursansa, artıq bu hekayənin içindəsən. Və bəlkə də ilk dəfə kiminsə səndən üzr istəməsini yox, özündən hesab soruşmağını tələb edən bir mətnlə qarşı-qarşıyasan.
Küçədə böyüyən uşağa kənardan baxıb qaşlarını çatırsan. "Bunlar təhlükəlidir", "bunlar pozulub", "bunlardan uzaq durmaq lazımdır" deyirsən. Amma heç kim soruşmur ki, bu uşaq niyə küçədədir? Hansı evdən qaçıb, hansı evdən qovulub, hansı evdə səsi boğulub? Hamı nəticəni mühakimə edir, səbəbi yox. Çünki səbəbə baxmaq vicdan tələb edir, mühakimə etmək isə ucuzdur.
Fahişəni isə təmiz adla ərə verirlər. Keçmişini yuyub, üstündən "ailə qurdu" etiketi yapışdırırlar. Sanki problem qadının bədəni imiş, onu bu bədənə sürükləyən sistem yox. O qadını gecələr bədənini satmağa məcbur edən aclıq, qorxu, tək qalmaq yox, ayıbdır. Ayıb yalnız görünəndir. Görünməyənlər isə susdurulur.
Bir də "tərbiyəli uşaq" anlayışı var. Hansı ki, "xalxın uşağı" deyirik. Səssiz, söz qaytarmayan, böyük danışanda susan. Küçə görməyən, həyatın üzünə baxmayan, riskin nə olduğunu bilməyən "mamauşağı" . 26 yaşı var, hələ də atasının cibinə baxır, amma özünü kişilərdən sayır. Qərar verməyi bilməz, məsuliyyət qorxudur, azadlıq isə onu panikaya salır. Amma cəmiyyət ona "nümunəvi oğlan" deyir. Çünki itaət cəmiyyətdə həmişə düşüncədən daha qiymətlidir.
Bu cəmiyyət günahı həmişə zəifin üstünə atır. Küçə uşağı günahkardır, amma onu küçəyə atan yox. Qadın günahkardır, amma onu bazara çevirən yox. Azad düşünən pozğundur, amma onu boğan sistem müqəddəsdir. Hamı təmiz görünmək istəyir, heç kim dürüst olmaq istəmir. Ən böyük mundarlıq da budur. Biz çirkabı düzəltmirik, sadəcə üstünü bəzəyirik. Vicdanı deyil, vitrini təmizləyirik. Və sonra da soruşuruq, niyə bu cəmiyyət belə oldu? Halbuki cavab gözümüzün içinə baxır, biz belə etdik.
Bu cəmiyyət çirkabı sevmir, amma çirkabın yaratdığı rahatlığı sevir. Hamı "düzgün həyat" dan danışır, amma heç kim düzgün olmağın ağrısını çəkmək istəmir. Dürüstlük burada fəzilət deyil, riskdir. Ona görə də hamı bir az yalançı, bir az ikiüzlü, bir az da susqun qalmağı seçir. İnsanlar başqasının həyatını ölçməyi çox sevir. Kimin nə geyindiyini, kimin harada olduğunu, kimin nə qədər "uyğun" yaşadığını. Amma öz içlərinə baxmağa gələndə güzgünü çevirirlər. Çünki içəri baxsan, suallar başlayır. Suallar isə rahatlığı pozur. Rahatlıq bu cəmiyyətdə həqiqətdən daha müqəddəsdir.
Burada günah anlayışı da qəribədir. Günahı olan deyil, ifşa olunan yanır. Gizlənə bilirsənsə, problemsizsən. Danışılmırsa, yoxdur. Ona görə də susmaq ən böyük kollektiv müqavilədir. Hamı hər şeyi bilir, amma bilmirmiş kimi davranır. Bu da öz növbəsində hamını bir az şərik edir. Cəmiyyət güclünü səs-küydə, zəifini isə səssizlikdə boğur. Kim qışqırırsa, haqlıdır. Kim sakitdirsə, şübhəlidir. Dərin olan yox, sərt olan qalib gəlir. Vicdan isə çoxdan kənara çəkilib, "vaxtım yoxdur" deyib.
Ən ironiyalı tərəfi budurki, hamı dəyişiklik istəyir, amma dəyişən adamdan qorxur. Başqasının cəsarətini təhdid kimi görürlər. Çünki biri azad olarsa, digərlərinin zənciri görünər. Ona görə də fərqli olanı ya gülüşə qoyurlar, ya da ləkələyirlər. Sevmədiklərini "problemli" adlandırmaq daha asandır. Bu cəmiyyət pis insanlardan ibarət deyil. Sadəcə çox qorxmuş insanlardan ibarətdir. Qorxudan susan, qorxudan uyğunlaşan, qorxudan özünü unudanlardan. Və zamanla bu qorxu norma olur, adət olur, "belə gəlib, belə gedər" olur. Mundarlıq da elə buradan başlayır. Küçədən yox, evdən. Başqasından yox, öz içimizdən. Bu cəmiyyət uçuruma getmir, artıq orada yaşayır. Sadəcə altını xalça ilə örtüb, üstünə "normal həyat" yazmışıq. Hər gün bir az daha susaraq, bir az daha uyğunlaşaraq, bir az da özümüzdən imtina edərək bu uçurumu evə çevirmişik. Və ən təhlükəli yalan da budur, "mən fərqliyəm."
Yox. Əgər görüb susmusan, fərqli deyilsən. Əgər bilib uyğunlaşmısan, təmiz deyilsən. Əgər səhvləri başqasının üstündə axtarıb öz payını gizlətmisənsə, sən də bu çirkabın bir hissəsisən.
Bu yazı kimisə təhqir etmək üçün deyil. Bu yazı oyatmaq üçündür. Çünki hələ də gec deyil. Hələ də seçim var. Ya hər gün bir az daha kor olacağıq, ya da bir gün gözümüzü açıb deyəcəyik, bəli, burası çirkabdır. O gündən sonra iki yol qalır:
Ya bu çirkabın içində rahat yaşamaq.
Ya da təmiz qalmaq üçün tək qalmaq.
Seçim sənsən.
Amma unutma, susmaq da bir seçimdir. Bu seçim qorxaqların lüğətində "tərbiyə", ikiüzlülərin dilində "ağıl" , vicdansızların həyatında isə "təhlükəsiz yol" adlanır...
Deyəsən 10 gün sərxoşluqdan artıq başımı itirəcəm...
Niyə mənə yanıt göndərmədiniz?
Heç görməmişəm ki..
Yalnızlıq nədir?
Huxley: Fərqlisən, yalnızlığa məhkumsan.
Kafka: Xoşbəxtlikdir.
Virginia Wolf: Sevməkdir.
S.Plath: Öz daxilində yuvarlanmaqdır.
Pavelse: Keçmişə həsrətdir.
Marquez: Başqalarıdır.
Schopanhauer: Azadlıqdır.
Dostayevski: Hərşeydən xəbərdar olmaqdır
Məni nə sevdilər, nə də unutdular. Sadəcə görmədilər dostum..
Əsgərlikdən əvvəl bir dəlixanada öyrəndim ki, ağıl, çox vaxt səssizliklə ölçülür. Dərdlərini danışanlara “dəli”, susanlara “ağıllı” dedilər. Amma heç kim düşünmədi ki, bəzən susmaq yıxılmamaq üçün tutduğun son ipdir. Mən susdum.. Məhz həyatım boyu elə susdum ki, içimdə minlərlə fəryad boy atdı. Həyatımın hər dövrü üçün onlara adı qoydum.. Birinə “Azadlıq”, birinə “Qəbul olunmaq”, birinə “O” dedim..
Ətrafımda insanlar vardı. Baxıb görməyən, danışıb anlamayan, toxunub hiss etməyənlər. Və bu cəmiyyətin adı vardı. Avtoritar sevgi rejimi. Sevdiyini deyə bilmədiyin, ağladığını gizlədiyin, güldüyünə görə təqdir, kədərləndiyinə görə tənbeh aldığın bir sistem. Stalin sağdır, sadəcə televizora çıxmır. O artıq hər evdə, hər münasibətdə, hər valideyndə yaşayır.
Məni “sakit uşaq” kimi tanıdılar. Halbuki içimdə qışqırırdım. Atam, babam dediki, "Oğul, kişi ağlamaz.” Sevgilimsə az qalsın davam edəcəkdi, “Duyğusal oğlan zəifdir.” Cəmiyyət dedi, "Əvvəl iş, sonra hiss.” Allah isə.. Allah susdu başa düşürsən? O, da məndən əlini üzdü. Yəqin o da qorxurdu. Çünki bu dövrdə Tanrını belə sorğuya çəkirdi insanlar.. Yəqin mənim də elə olacağımdan qorxdu..
Aşiq oldum. Onu bir fizika qanunu kimi dərk etməyə çalışdım. Cazibə idi, eyni zamanda dağılma enerjisi. Döndü dedi “istəmirəm səni. Qəlbimdə də, yanımda da, ağlımda da". Mən isə içimdəki bütün fəlsəfəni unudub sadəcə “qal” dedim. Amma o getdi. Çünki sevgidə bir nəfər azad olanda, o biri məhkum olur.
Bəzən düşünürəm, mən əslində heç sağalmadım. Sadəcə “normal görünmək” üçün əlimdən gələni etdim. Daxilimdəki adam o yaralı, dəlixana divarlarını içində daşıyan, gecələr Hacıbaba Hüseynovun təsniflərinə sığınıb düşünən adam hələ də ordadır. Bəlkə də heç oradan çıxmayıb.
Və bu yazını da o yazır.
Bilirsəb? Biz bir az nitşe, bir az Sartrıq. Dərinliyə getsək biraz Fyodr, biraz da Müşfiqik.. Mən bir az da nə oxudumsa, orda özümü axtardım. Mənə “çox dərinə gedirsəne həci” deyən dostum.. Sən hələ bilsəydin ki, mən dərinə getmirəm, mən onsuz da oradayam. Orda hava yoxdur, amma həqiqət var. Orda səssizlik var, amma içində musiqi çalır. Eyyub Yaqubovla Alim Qasımov növbələşir. Bəzən Maykl da qonaq olur. Ruhum da oralarda yerdəki cəsədimdən daha çox yaşayır.
Düşünürsən ki, bu boyda eşqdən moiza yazan adam niyə ayrılar? Çünki biz iki əsrin fərqli fəsilləriydik. O yaz idi, mən payız. O şübhə idi, mən ümid. O gülümsəyirdi. Mən o gülüşü başa düşəcək qədər çox yaşamışdım, amma ona layiq olmağa cəsarətim çatmırdı.
Sonra zaman keçdi. O getdi. Mən qaldım. Və bu rejimdə həyat mənə dedi: “Güclü ol.” Mən güclü olmadım. Mən yazdım. Çünki yazmaq, içində boğulan adamın son nəfəsidir.
İndi metroda gözləyirəm. Qatar gəlmir. Bir iki dostla söhbət edirik. Onlar mənə “həci” deyir. Amma mən bilmirəm Tanrı məni eşidir, ya da sadəcə müşahidə edir. Bildiyim tək şey budur. İnsan sevdikcə itirir, itirdikcə yazır, yazdıqca sağ qalır.
Məni tanımayın. Amma yazdığım cümlədə özünüzü tanıyırsınızsa bilin ki, biz eyni düşərgədə sağ qalmağa çalışan fərqli əsgərlərik. Bir az sevmiş, bir az itirmiş, bir az sağ qalmış, amma heç vaxt tam olmamış birindən..
Siz indi rahat yatırsınız. Bilirəm. Çünki sizi qınamıram. İnsanlar qorxar. Sevgidən, məsuliyyətdən, hətta öz hisslərindən. Amma mən qorxmadım. Mən axıra qədər sevdim, axıra qədər qaldım. Qalmadığınız yerlərdə belə qaldım. Bilirəm, biri çıxıb deyəcək: “bu adam da çox dərinə gedir, adamı ağırlaşdırır.” Hə, gedirəm. Çünki səthi su susuzluğumu yatırmır. Dərinlikdə nəfəs almaq çətindir, bəli. Amma orda yalnız gerçək olanlar qalır. Bu yazını oxuyursan. Gülümsəyirsən. Deyirsən, “maraqlı yazır, amma həddindən artıq emosionaldır.” Əslində isə, sən də hiss edirsən. Sadəcə etiraf etməyə qorxursan. Amma bir gün gələcək ki, sən də kiminləsə metroda vidalaşanda boğazında düyün hiss edəcəksən. Çünki artıq heç ən uzaq tanışınla belə danışa bilməyəcəksən. O zaman bu yazı sənin yazın olacaq.
Qorxma. Mən çoxdan sən oldum.
Mən oyuna iddialı gələn, amma iddiasının içində min şübhə, min tərəddüd, min yorğunluq daşıyan oyunçuyam. Bilyard masası qarşısında dayananda, əlimdə çubuqla ölçüb-biçəndə düşünürəm: əslində mən burada nə axtarıram? Qələbəmi? Özümü sübut etməyi? Özümə sübut etməyi? Ya bəlkə, sadəcə nəyisə unutmaq üçün buradayam? Bəlkə, bu masa, bu toplar, bu səssiz oyun həyatın sadəcə bir simvoludur, harada ki, bir zərbə taleyi dəyişir, bir səhv hər şeyi darmadağın edir, bir təsadüf səni ya zirvəyə aparır, ya da heçliyə atır.
Mən öz oyunumu oynayıram, hər bir topun hərəkət trayektoriyasını beynimdə çəkirəm, amma bilirsən, həyatda hər şey belə sadə deyil. Hesablaya bilmədiyin şeylər var. Gözlənilməz sıçrayışlar, hesablanmamış sapmalar. İnsanın həyatında da belədir – nə qədər ağıllı, nə qədər tədbirli olsan da, bəzən heç vaxt nəzərə almadan, heç vaxt gözləmədən başına gələnlər səni məğlub edir.
Mən hər oyuna yeni ümidlərlə gələn oyunçuyam. Çünki bəlkə də, bu dəfə qazanacağam. Bəlkə də, bu dəfə səhv etməyəcəyəm. Bəlkə də, bu dəfə son zərbədə titrəməyəcəyəm. İnsan həyatda da hər səhvindən sonra özünü bu ümidlə ovudur: “Bu dəfə fərqli olacaq.” Amma fərqli olmur. Eyni səhvlər, eyni yorğunluq, eyni peşmanlıqlar… Sadəcə bir az daha tükənmiş, bir az daha həssas, bir az daha ümidsiz.
Mən masaya hakim olan, amma həyatda özünə hakim ola bilməyən oyunçuyam. Burada, bu masanın ətrafında hər şey dəqiqdir – düzgün zərbə, düzgün bucaq, düzgün güc tətbiq etsən, qalib gələrsən. Amma həyatda heç bir şey bu qədər dəqiq deyil. Həyat riyazi deyil, həyat fizika qanunları ilə izah olunmur. Həyatda sən mükəmməl olanda da uduza bilərsən. Bəzən ən yaxşısı olsan da, heç bir şey dəyişməz. Çünki həyat bilyard masası deyil, sənə ədalətli oynamağa borclu deyil.
Mən son zərbəyə yaxınlaşan oyunçuyam. Masanın başında dayanıb çubuğu sıxıram. Əlimin titrəməsinə icazə verməməyə çalışıram. Bu, sadəcə bir oyun deyil. Bu, illərin çəkdiyi əziyyətin, saatlarla məşq etməyin, yorğun gecələrin, sonsuz ümidlərin və sinəmdəki qürurun yoxlanışıdır. Sadəcə bir top. Sadəcə bir hərəkət. Sadəcə bir qərar. Vururam. Top dəliyə gedir, sonra bir anlıq dayanır, düşünür, tərəddüd edir, sanki özü də bilmir hara düşmək istədiyini. Və sonra… yavaşca geri sıçrayır. Mən uduzdum.
Həmişə belə olur, elə deyilmi? Həmişə insan hər şeyə yaxın olduğu anda nəyinsə əldən çıxdığını hiss edir. Həyatın ən acı gerçəklərindən biri də budur – insan bəzən ən yaxın olduğu şeyi qazana bilmir. Çünki insan bilyard masasında oynasa da, oyunun qaydalarını həmişə həyat yazır. Həyat sənə məntiqli gələn şeyləri qəbul etmir. O, sənə həmişə eyni cavabı verir: “Sənə bu vaxta kimi nə düşüb ki, indi də bu düşsün?”
Mən turnirə iddialı gələn, finala çıxan, amma son anda yenilən oyunçuyam. Bütün dünya gözləyirdi ki, mən qalib gələcəyəm, amma mən bilirdim. Mənim taleyim bu deyil. Mən son dəqiqədə səhv edən, həyatın ən vacib məqamlarında ya gecikən, ya da lazım olan zərbəni vura bilməyən oyunçuyam. Mən hər oyundan sonra masadan yavaşca geri çəkilib çubuğu yerə qoyan, kənara çəkilib səssizcə düşünən oyunçuyam. Öz-özümə sual verirəm: “Bəlkə, bu oyunu heç vaxt qazanmaq üçün oynamaq lazım deyil?” Bəlkə, həyatda qalib olmaq deyil əsas məsələ. Bəlkə, sadəcə, masada qalmaq, oyunun içində olmaq, son ana qədər mübarizə aparmaqdır əsas məsələ?
Amma mən yorğunam. Çünki nə qədər mübarizə aparsam da, nə qədər çətinliklərin öhdəsindən gəlsəm də, mən qalib olmaq üçün lazım olan sonuncu şeyi tapa bilmirəm. Mən hər şeyə sahib olub da, sadəcə bir vacib elementi itirən oyunçuyam. Bəzən bu, bir az şansdır, bəzən düzgün anı seçə bilməməkdir, bəzən isə sadəcə həyatın sənə “yox” deməsidir.
Mən layiq olduğum hər şeyi istəyirəm artıq. Mən haqqımı istəyirəm. Amma hər kəs layiq olduğunu qazana bilmir bu həyatda. Mən də, Ronnie Sullivan da, siz də...
Söhbət bilyarddan getmirdi..
Sonuncu dəfə dərsimi oxumamışdım deyə döyüldüyüm zamandan bu zaman gəlməyim bir neçə günümü alıb sanki. Kim tələsdirirdiki məni? Nə olardı axarında keçsəydi o zaman, azyaşlılıq,qarla oynamaqdan don tutmuş, palçıgla oynamağdan bulanmış əllər.. Nəysə. Məsələ bu deyil məsələ odur ki, çatmıram, yetmirəm, düşürəm. Çox böyük danışmışam böyümək üçün. Ama nə bilərdim ki mən?! Uşaq imişəm. Fikirlər hardan gəlib hara gedir heç bilmirəm də. Alnımdakn düşən su damcıları bədənimə süzüldükvə artıq bir neçə fikirdən fikrə səfər etmiş kluram. Çarədi? Təbiki yox. Mənim edəcək çox şeyim var ama mən yox imişəm kimi gəlir. Kimisə üzmək deyil niyyətim.
Allahım. Sən özün bilirsən ki, mən də sənin bir parçanam. Ona görə davranmağmı nəsib et..