Fironun həyatı və qurduğu sistemlər yalnız tarixdə yaşamış zalım bir hökmdarın hekayəsi deyil. Quranda nəql edilən bu hadisələr insanın təkəbbür qarşısında necə korlaşa biləcəyini, güc və məqamın insanı necə zalım hala gətirə biləcəyini göstərir. Firon sahib olduğu hakimiyyətin onu xilas edəcəyini zənn etdi; insanları qorxudaraq, təzyiqlə susduraraq və hiyləgər üsullarla həqiqətin qarşısını ala biləcəyini düşündü. Ancaq sonda aydın oldu ki, insan nə qədər güclü görünsə də, Allahın iradəsi qarşısında acizdir və Allahın onun üçün hazırladığı incə plan qarşısında çarəsizdir.
Fironun ən diqqətçəkən cəhətlərindən biri ona dəfələrlə açıq dəlillər göstərilməsinə baxmayaraq həqiqəti qəbul etməməsidir. Çünki məsələ məlumat çatışmazlığı deyil, təkəbbürdür. Firon həqiqəti gördüyü halda onu qəbul etmək istəməmişdir. Bu gün də insanların bir qismi eyni mövqeni davam etdirir. Mənafelərinə zərər dəyəcəyi üçün həqiqəti görməzdən gələnlər, inananlara zülm edənlər, Allah adına ortaya çıxdığını iddia etsə də zülm və təkəbbürləri ilə insanları Allahın yolundan uzaqlaşdıranlar hər dövrdə mövcud olmuşdur.
#firon#quran#tarix#məqalə#məlumat