Müharibənin dəhşətləri, ağrı-acısı böyüklərə təsir etdiyi kimi, uşaqlardan da yan keçmir. Psixoloqlar uşaqların baş verənlər barədə televizorda, internetdə gördüyü səhnələrdən, evdə, məktəbdə eşitdiyi sözlərdən, müharibənin çarəsiz hiss etdirdiyi valideynlərinin və ya digər böyüklərin davranışlarından az təsirlənmədiyini bildirirlər. Bu hal uşaqlarda özünü müxtəlif şəkildə göstərə bilər. Mütəxəssislərin fikrincə, bunların başında yuxusuzluq, qorxulu yuxular görmək, tək yata bilməmək, aqressivliyə meyillilik, ana-atadan ayrı düşmək qorxusunun artması, sirena, partlayış səslərindən, qaranlıqdan təlaşa düşmək, səbəbsiz ağrılar (baş, qarın), məktəbdə müvəffəqiyyətsizlik, diqqət dağınıqlığı kimi problemlər gəlir. Bunların xaricində də uşaqlar heç vaxt etmədiyi hərəkətlər edə və ya özlərinə qapanaraq səssiz qala bilərlər. Ona görə də müharibənin yaşandığı bu günlərdə onların hərəkət və sözlərinə xüsusi diqqət yetirmək olduqca önəmlidir.
3 yaşına qədər uşaqlarda inkişaf edib, sonrakı illərdə tam formalaşan əsas duyğu güvən, etibar hissi hesab olunur. Bu təməl duyğu qorunmaq, hər cür təhlükə və təhdiddən uzaq olmaq instikti nəticəsində meydana çıxır. Xüsusilə, 3 yaşına qədər uşaqlarda ananın uşağın bütün istək və ehtiyaclarını təmin etməsi özü ilə birlikdə anaya bağlılıq hissini gətirir. Odur ki, güvən hissinin inkişafı və anadan asılılıq xüsusiyyətləri nəzərə alınaraq bu yaşda olan uşağın fiziki və psixoloji ehtiyaclarını mütəmadi olaraq qarşılamağa davam etmək, narahatlığını hiss etdikdə diqqət, təmas, sevgi ehtiyaclarını artırmaq lazımdır.
Bu yaşda olan uşaqlar əgər müharibə görüntülərini izləməyiblərsə və ya müharibə ilə bağlı sözlərə, təəssüratlara şahid olmayıblarsa, müharibənin dəhşətlərindən daha az təsirlənirlər. Onlara təsir edən əsas məqam valideynlərin münasibət və reaksiyalarıdır. Belə ki, valideynlərin keçirdiyi çarəsizlik, qorxu və narahatlıq duyğularından təsirlənən uşaqlar da buna bənzər reaksiyalar nümayiş etdirə bilərlər. Ona görə də 0-3 yaş qrupuna daxil olan uşaqların yanında valideynlər maksimum dərəcədə öz hisslərini və reaksiyalarını cilovlamağa çalışmalıdırlar. Bununla onlar uşaqların güvən, etibar hissini zədələnməkdən qorumuş olurlar.
3-6 yaş dövrü uşaqların artıq öz dünyalarından ayrılıb, ətrafda baş verənlərin fərqinə varmağa başladıqları dövrdür. Bu baxımdan televizorda, internetdə gördükləri hər cür dəhşət, müharibə səhnələrini, şərhlərini asanlıqla mənimsəyə bilirlər. Ailəsindən ayrı düşən, ata-anasını, yaxınlarını, evini itirən uşaqların, yanan, dağılan evlərin nümayiş olunduğu səhnələr onlarda baş verənlərin öz başlarına gələ biləcəyi ehtimalını formalaşdıraraq, təlaşa qapılmalarına səbəb ola bilər. Ona görə də bu yaş dövründə olan uşaqlara onların qorunduğu, əmin-amanlıqda, təhlükələrdən uzaq olduğu duyğusu aşılanmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, uşaqlarda baş verənlərlə bağlı yaranan qorxu hissinin öhdəsindən gəlinməsinə təsir göstərən əsas məqam ata-ananın həmin an keçirdiyi hisslər, sərgilədiyi davranışlardır. Bunlar müəyyən dərəcədə uşaqlara da təsir göstərir. Bu zaman “heç nə baş verməmiş” kimi davranmaq yerinə, nisbətən təmkinli və güvənli mühit yaratmaq məqsədəuyğun hesab olunur. Psixoloqlar bildirirlər ki, uşaqlara yaşananların ola biləcəyi, bunların heç birinin uşaqla və ya onun etdikləri ilə əlaqədar olmadığı, bunun onları cəzalandırma növü olmadığı izah ediməli, onların özlərini nədəsə günahkar görməsinin qarşısı alınmalıdır.
Məktəb yaşlı uşaqlar isə artıq böyüklərinkinə bənzər duyğu və düşüncələrə sahib olurlar. Gördükləri səhnələr, eşitdikləri şərhlər onların gələcəyə dair narahatlıq keçirməsinə səbəb ola bilər. Bu yaş dövründə olan uşaqlarla qorxu, narahatlıq, qəzəb kimi duyğulardan bəhs etmək, bunların normal duyğular olduğunu bildirmək, xəyalları və qorxuları barədə danışmaq, onların hazırda hər hansı təhlükə və təhdiddən uzaq olduğunu göstərmək faydalı ola bilər.
Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, müharibəyə dair televizorda göstərilən xəbərləri uşaqlardan gizlətmək yerinə, onlara bu mövzuda məlumat vermək, suallarını cavablamaq həm böyüklər, həm də uşaqlara daha yaxşı kömək olur. Əsas diqqət edilməli məqam hər şeyi olduğu kimi deyil, baş verənləri uşağımızın yaşı və xüsusiyyətləri nəzərə alınaraq doğru hesab etdiyimiz şəkildə anlatmaqdır. Onların duyğu və düşüncələrini dinləməli, anlamalı və paylaşmalı, bunların təbii olduğunu hiss etdirməliyik. Onlara bu həssas dönəmdə daha çox diqqət ayırmaq, fikirlərini başqa şeylərlə yayındırmaq məsləhət görülür. Yuxu problemləri yaşayanların bir müddət yanında yatmaq, kabuslarını dinləmək və bunlara ciddi yanaşmaq, sakitləşdirmək olduqca önəmlidir. Qorxu və narahatlıqlarının “mənasız”, “yersiz” olduğu kimi ifadələrə qətiyyən yol vermək, duyğularını xor görmək olmaz. Fiziki və psixoloji simptomları yaxşı müşahidə etmək və zəruri hallarda bir mütəxəssislə məsləhətləşmək məqsədəuyğun olardı.