Çətinliklərə, problemlərə mızmızlanan, deyingən deyiləm özümü bildim biləli. Səbrli, dözümlü insan kimi tanıyıram özümü. Lakin son zamanlar o qədər yoruluram ki. Beynimin içindəki səslər heç cür dayanmır. Nə qədər yayınmağa çalışıram bir o qədər tərs tərəfdən gözümə batır. Bu "an" da, "indi"də yaşaya bilmirəm. Universitet, heç cür maraq yarada bilmədiyim dərslər, ixtisasıma qarşı soyuqluğum, artan qayğılar və s. Şişirtmirəm. Bilirəm, bundan daha böyük problemi olan insanlar var. Bilirəm, məni çooox dözümlü, mətanətli qız bilirsiniz. Eləyəm. Ümumiyyətlə təvazökarlıqdanda uzağam, səmimi olum qoy. Amma sadəcə yazmaq istəyirəm. "Niyə yolumu tam başından sevdiyim şeylərin əhatəsində qurmadım? ", "niyə...", "niyə..." o qədər niyə var ki beynimdə hal hazırda.
İstəyirəm kiçik bir kitab mağazam olsun. Ya da kafem. Həm "işlədəni" özüm olum, həm işləyəni. Bilirəm buda absurd fikirdir. Buda şablon niyyətdir artıq. Buda orta statistik bir gəncin "boş xülya" larıdır. Amma ciddiyəm. İstəyirəm buralardan uzaqda olsun hərşey. Çünki burada hərşeyi gözə batsın deyə edirlər. Görülsün, təqdir edilsin, həyran qalınsın deyə. Və ya ardınca danışılsın. Mənsə dinc yaşamaq istəyirəm. Sözə, yazıya xatir və ya bilmirəm hansısa bir nəsnə uğrunda yox həqiqi mənada dinc. Cəmiyyətin, insanların, özünün dərdi adamı öldürməsə də, çürüdür. Bezdirir. Hələ üstəgəl "vecsiz insan" damğası üstünə yapışdırılıbsa ikiqat əziyyət çəkirsən. Heçnə. Elə belə. Yazmaq istədim. Bugün çox doluyam..