Mənə hərdən baxır ol sevgilim biganə-biganə, Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Əli daşlı uşaqlar düşmüş arxamca, deyirlər ki, Budur zənciri-zülfə bağlanan divanə-divanə!..
Gülüzlü yar ilə həmsağər olmaqdan budur qəsdim: Ürək sirrin ona şərh eyləyim məstanə-məstanə.
Görüb rüsvayi-aləm olduğum tən eyləyən çoxdur, Düzəldibdir hərə həqqimdə bir əfsanə-əfsanə.
Dil açmış şölədən guya, axıtmış şəm göz yaşı, Yanarsan, ehtiyat ilə dolan, pərvanə-pərvanə!
Nə qalmış mülki Daranın, nə təxtü taci Cəmşidin,
Hanı Şəddad, Firondan qalan kaşanə-kaşanə?
Vəfadan dönmərəm, Vahid, əgər yüz min bəla çəksəm, Varam canan yolunda mən yenə mərdanə-mərdanə.
Əliağa Vahid ©












