Bu arıqlıq pəhrizdən deyil bu yekəpər arıqlıq, bu kök arıqlıq darıxmağın kökaltıdı təkliyin kubudu ayrılığın kvadratıdı keçmişin yanında əlimiz aşağıdı günü-gündən qiyməti qalxır xatirələrin yaddan çölə çıxmır xatirələr – “mama uşağıdı” alzaymer xəstəsi çıxdı sevdiklərimizin çoxu hansı mötərizəni açsaq – onlar ordadı hansı mötərizəni bağlasalar – biz orda yoxuq barmaq sayı qədər güldük hesablaya bilmədik yanağımızdan axan neçənci göz yaşıdı min adamlıq ürəyimiz varıydı bir sevdalıq yerimiz bir xəyanətlik canımız varıydı – öldük biz ölməmişdən əvvəl bir baxış bəsiydi soyuğun isinməyinə, qışın keçməyinə bir öpüş bəsiydi bütün orqanların bütün orqanlara köçməyinə hər şey bəsimiziydi nə qədər ki sevgi bizim hər şeyimiziydi nə qədər ki biz sevginin heç nəyi deyildik inanmırdıq Amerikan filmlərinə aldanırdıq Hind kinolarına çünki zəifin qalib olacağına əminiydik çünki siçan həmişə pişiyin başına itin oyununu açırdı çünki Cerinin əlindən bezmişdi Tom üstəlik evimizin damı da uçmamışdı başımıza qazançaları düzməmişdik yağışın altına islanmamaq üçün evdən qaçmamışdıq kasıblığı hər şeyindən tanıyırdıq corabımızın yırtığından ayaqqabılarımızı deşiyindən tanıyırdıq kişi kimiydi anamız anamız olmasaydı atasız böyüyərdik bacımız olmasaydı qardaşımız olmazdı qonşumuz olmasaydı qohum nədi bilməzdik sevgilimiz olmasaydı hamıdan xoşbəxt yaşayardıq bir xəyanətlik canımız varıydı çünki indi bu arıqlıq bir az da uzaqlaşmaqdı xatirələrdən və sevdiklərimizdən və bu uzaqlıq bir az da yaxınlaşmaqdı xatirələrə və sevdiklərimizə çünki biz arıqladıqca canımız bir az da hopur içimizə indi bu arıqlıq pəhrizdən deyil ayrılığın kvadratıdı bu təkliyin kubu…
Elvin Bakiroğlu ©
















