əgər varsansa danış, sirli-sirli susmağın ümidimi öldürür. əgər varsansa, bir mesaj at günlərlə susan telefonuma ya da bir mail yaz... əgər varsansa şəhərin mərkəzində görüşək, ya bir çay, ya bir viski, ya da cibimizə görə nə varsa... içək. əgər varsansa sərxoş ol, əgər varsansa bir siqaret yandır üzü küləyə.... əgər varsansa başımı çiyninə söykəyim, əgər varsansa səsindən ən sərxoş mahnılar dinləyim... əgər varsansa, Dionis yoxdu demək... əgər varsansa Afrodita uydurmadı.... əgər varsansa özünə şərab süz, əgər varsansa... əgər varsansa, vədələşək görüşək məscidlərin birində, istəsən kilsədə ya da uyğun bildiyin bir sinaqoqda, sakit bir hücrədə bir az dünyanın işlərindən, hurilərindən, cənnətdən, müjdələrindən cəhənnəmdən, əzabdan hikkələrindən... mükafatından danışaq... elə tənhayam ki, əgər varsansa bir sevgi şeiri, ya kədərli bir musiqi dinləyib ağlayaq... Fələstində, Myanmarda Suriyada ölən uşaqlara terrorda öldürülən məsumlara, toronadoda, zəlzələdə tələf olanlara yas saxlayaq... ya da əgər varsansa içkimiz bitməsin... yay gəlməsin... silahlar səslənməsin, sevgililər getməsin, analar qocalmasın, uşaqlar ölməsin! əgər varsansa əsməsin bu iyrənc küləklər əgər varsansa yığışdır müqəddəslik, ucalıq söhbətlərini... əgər varsansa çöksün diktaturalar, dağılsın qanlı rejimlər... rahatlaşsın yorğun beyinlər, kədərli ürəklər Hindistanda səndən daha müqəddəsdir inəklər... əgər varsansa çıx get, rahat yaşasın insanlar, Sən olan yerdə sükunət bir də yalançı ümid var... sənsiz daha xoşbəxt olar, bu dünya, bu ölkə, bu şəhər... çıxıb gedəcəyin bir yer yoxdursa çəkilib özünə yaşa, birtəhər... əgər varsansa, susma Danış mənimlə, sakitləşsin ağrım.... əgər varsansa görün, Toxun mənə, toxun mənə tanrım!