Café, restaurant, Abry Dumont, Neyron, Ain
seen from Netherlands
seen from China
seen from Austria

seen from United States
seen from China
seen from United States
seen from Germany
seen from Germany
seen from Netherlands
seen from South Korea
seen from China

seen from United States
seen from Italy
seen from Netherlands

seen from United States

seen from Russia
seen from United States

seen from United States
seen from Saudi Arabia

seen from Bulgaria
Café, restaurant, Abry Dumont, Neyron, Ain
Okay so who decided bringing random mortals to the higher plane of existence ever was a good idea ?
Le Mas du Fort - Bed and Breakfasts - ZAR 956 - Hotels France Neyron http://www.justigo.org/hotels/france/neyron/le-mas-du-fort_54170.html
\\\ beynin inkişafı
həlməşik elmi laboratoriya və kitabxana künclərindən küçələrə daşıyır. Beynin və düşüncənin davamlı olaraq inkişaf etməsi və sağlam qalması üçün onu yeni şeylər öyrənərək, edərək, görərək stimullaşdırmaq lazımdır. Buna görə də Abşeron yarımadasında sorğu apararaq, insanlarımızın beyinlərini intellektual mənada qidalandırıb-qidalandırmadıqları ilə maraqlandıq və apardığımız sorğudan aldığımız bəzi cavabları sizinlə paylaşırıq (yazıdakı orfoqrafik səhvlər cavabları reallıqdakına ən yaxın formada çatdırmaq üçün buraxılmışdır).
həlməşik: Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Asif (9 yaş, Xırdalan): Boş vaxtlarımda... kampiter oynuyuram. Neyniyim başqa, istidən başım əriyir, atam kampiter alib, oyunlar yazmışam, oynuyuram.
Əşrəf (53, Sumqayıt): Uşaqlarnan yığışıb çay vururuq, başqa neyniyək qədeş bu şəhərdə, de, o parkda otururuq, düzəldiblər oraları bir az.
Sveta (42, Pirallahı adası): Nu, evdə oturub tiliviziyaya baxuruq, arabir şəhərə çıxıb gəzirik uşaqlarla, onlar da böyüyüb, mənnən gəzmək istəmirlər (gülür). Şəhərdə də hər şey bahaduye, onu da çox eləmək olmur uje... Arabir piano da çalıram.
Tamerlan (21, Bakı): (gülür) Boş vaxtımda... heç nə, sosial şəbəkələrdə fırlanıram, uşaqlarla düşürük şeherin canına, Bulvarda velosiped sürürük, qız-mız olanda kinoya zada gedirik (gülür)... belə.
Ağabəy (62, Novxanı): Bacıoğlu, yerin məlum, Qəbələyə, Altıağaca, Qəçrəşə gedib kabab çəkiriy, özüm yaxşı kabab çəkənəm, həvəskarıyam. Bizim təbiətimiz kimisi yoxduye, bacıoğlu, biz qədrini bilmirik, ölkə inkişaf edib, gör nə gözəlləşdiriblər hər yeri, parklar zadlar.
Fatimə (16, Nardaran): (uzaqlaşır)
Aysel (24, Ceyranbatan): Boş vaxt qalır ki? Həftənin 6 günü işə çapıram, evə gəlirəm, bazarlıq elə, biş-düş, paltarları yu, zad. Bir bazar günüm var, onu da bir az yatıram, ondan sonra ev işləri filan, belə.
Əhməd (25, Bakı): Bir tərcümə işim var, onu eliyirəm, Bertrand Russell’in “Qərb Fəlsəfəsinin Tarixi” adlı kitabını tərcümə edirəm azərbaycan dilinə, bu qalınlıqda kitabdır (əliylə göstərir). Ondan başqa, arabir Oda Teatrına filan gedirəm tamaşa olanda, olmayanda da torrent-dən kino yüklüyüb baxırıq uşaqlarla, qaqaş, təsadüfən projektorunuz olmaz?
İnsanda sinir sistemin inkişafı hamiləliyin 3-cü həftəsində başlayıb demək olar ki, ömrün sonuna qədər davam edir. Proses rüşeymin üst hissəsindəki ən xarici hüceyrə təbəqəsinin (ektoderm) içəri bükülüb, neyral boru əmələ gətirməsi ilə başlayır. Daha sonra bu borunun iç üzünə baxan hüceyrələrin bölünməsi və bölündükcə yeni yaranan hüceyrələrin yuxarıya hərəkət etməsi ilə beyin əmələ gəlməyə başlayır. Bu hərəkəti biologiyada ən poetik hərəkətlərdən sayıram, belə ki, proses zamanı, yeni yaranan cavan hüceyrələr, qlia hüceyrələri adlanan mövcud hüceyrələr boyu hərəkət edərək ən üst qata çıxıb orada dayanırlar. Sonradan yaranan hüceyrələr də eyni şəkildə qliaların üstü ilə yuxarı çıxaraq, özündən əvvəlki hüceyrələrin üstündə bərqərar olurlar, yəni, qocalar altda, cavanlar üstdə. Yaranan hüceyrə qatları beynin fərqli yerləri ilə məlumat alış-verişi edib, müəyyən qədər fərqli işlərlə məşğul olurlar. Yeni yaranan hüceyrələrin hərəkətinə mane olan hər hansı bir şey beyinin inkişafına böyük təsir göstərir. Problemi beyninizdə canlandırmaq üçün valideynləri və ümumiyyətlə yaşlı təbəqə tərəfindən cavanlara hər şeyin qadağan olunduğu, bütün azadlıqlarının çeynəndiyi bir cəmiyyət düşünün (öskürür). Bunun ən məşhur misalı, rüşeym alkoqol sindromudur ki, burada hamilə qadınların həddən artıq alkoqol qəbul etməsi neyronların hərəkətini pozur və beynin düzgün inkişaf etməməsi müxtəlif idraki, emosional və fiziki problemlərə yol açır. həlməşik ailəsi olaraq hamilə qadınları NZS-in ləziz dadına aldanmamağa, bir az səbr etməyə dəvət edirik.
Şəkil 1. Yeni yaranan neyronların hərəkəti (Riken Beyin Elmi İnstitutundan dəyişdirilərək alınmışdır.)
Yaxşı, rüşeymi başa düşdük, bəs böyüklərdə necə, yeni neyronlar əmələ gəlirmi? Yetişkin biri olaraq, beyin hüceyrələrimin sayını artıraraq düşüncə qabiliyyətimi inkişaf edə bilərəmmi? Bəli və xeyr. Beynin ən az iki bölməsində yeni hüceyrələrin əmələ gəldiyi müşahidə olunub (başqa yerlərdə də hüceyrə əmələgəlməsinin olub-olmaması mübahisəli məqamdır və gələcək araşdırmalar prosesin nə qədər universal olduğunu ortaya qoyacaq) və sevindirici hal budur ki, bunlardan biri, hippokamp adlanan və yaddaşla birbaşa əlaqəli olan bölmədir. Bir sözlə, beynin ən əsas yaddaş mərkəzlərindən birində daim yeni hüceyrələr əmələ gəlməkdədir. Amma, həyəcanını boğmağa çalış, yoldaş oxucu, çünki beyin qarşısında oturduğun və yaxud əlində tutduğun kompyüter kimi işləmir, yəni, dünən 4 GB-lıq neyronun var idi, bu gün bir az artdı, 8 GB-lıq oldu, artıq axşam evə gedəndə etməli olduğum bazarlıq siyahısını yadımda saxlaya bilərəm, deyə bir şey yoxdur. Birincisi ona görə ki, hüceyrələr həm də ölürlər. İkincisi ona görə ki, müəyyən bir funksiyanın daha yaxşı yetirilməsi üçün təkcə neyron sayı yox, o neyronların inkişafı və digər neyronlarla əlaqə qurması da vacibdir.
Əvvəlki yazılarda haqqında danışdığımız, neyronlar arasında əlaqənin baş verdiyi nöqtələr sinaps adlandırılır. Sinapsların əmələ gəlməsi hamiləliyin 27-ci həftəsindən başlasa da ancaq doğuşdan 15 ay sonra pik nöqtəsinə çatır. Sinaptogenez adlanan bu proses zamanı, zamanla yeni sinapsların əmələ gəlməsinə əlavə olaraq, bəzi mövcud sinapsların silinməsi də baş verir. Silinmə prosesi vasitəsilə beyindəki əlaqələr dəqiqləşdirilir və lazımsız, işlək olmayan, artıq sinapslar aradan qaldırılır. Prosesi göz önünə gətirmək istəyirsinizsə, bir fərd olaraq tanıdığınız insanlarla aranızdakı münasibələrinizə nəzər yetirin: işlək olmayan, lazımsız tanışlıqlar zamanla silinir, yeni tanışlıqlar yaranır və mövcud funksional münasibətlər isə qorunub saxlanır, başqa sözlə, keçmiş sevgilər unudulur, yeni dənizlərə yelkən açılır (bu nöqtədə bəziləri bir siqaret yandırır), ya da ən pis halda, evə gedən yolda həyat yoldaşınıza bir buket sarı gül alınır (oxucularımızın nəzərinə çatdırırıq ki, Rəşad bu nöqtədə mənimlə razılaşmır, hətta etiraz olaraq otağı tərk edir, studiyamızda gərgin anlar yaşanır, elm naminə).
Yaxşı bəs bu neyronlar arasında əlaqə necə, yetişkin insanlarda dəyişə bilirmi, yoxsa necə gəlmişiksə elə də gedirik bu həyatdan? Baxır həyata. 1980-ci illərdə Michael Merzenich və Jon Kaas’ın işi nəticəsində əslində yetişkin insan beyninin də kifayət qədər dəyişə bilən, plastik olduğu ortaya çıxır. Bədənin quruluşu onun beyindəki təsvirində əks olunur, buna topoqrafiya prinsipi deyilir. Fiziki olaraq bir-birinə yaxın olan bədən hissələri haqqında məlumat beyində bir-birinə yaxın ərazilərdə işlənir. Məsələn, beynin hissiyat korteksində, işarət barmağından gələn toxunma məlumatına cavab verən neyronlar, orta barmaqdan gələn eynitipli məlumata cavab verən neyronların yanında yerləşir. Bu prinsip əsasında beyində bədənin bir növ xəritəsi əmələ gəlir.
Şəkil 2: Bədənin beyindəki təsviri (wikipedia)
Merzenich və Kaas bu xəritənin əslində dinamik olduğunu və təcrübə ilə dəyişə bildiyini göstərmişdirlər. Məsələn, meymunun bir barmağından onurğasına gedən sinir zədələndikdə, əvvəllər həmin ərazindən gələn məlumata cavab verən neyronlar barmağa toxunuşa cavab vermirlər, hətta daha maraqlısı, bir müddət sonra qonşu barmaqdan gələn məlumata cavab verməyə başlayırlar. Thomas Elbert və həmkarlarının skripkaçılar üzərində apardığı araşdırma bədən hissələrinin beyindəki təsvirlərinin plastikliyinin başqa misaldır. Skripkaçılar sağ əlləri ilə kamanı tutub, sol əlləri ilə simlərə basırlar. Təcrübədə musiqiçi və qeyri-musiqiçilərin barmaqları xüsusi alətlə toxunulmuş və sol əli idarə edən beynin sağ yarımkürəsindəki mərkəzin aktivliyi ölçülmüşdür. Nəticələrə əsasən, skripkaçılarda musiqiçi olmayan fərdlərə nisbətdə toxunuşa qarşı daha yüksək beyin fəaliyyəti müşahidə olunmuşdur. Bu onu göstərir ki, skripkaçılarda sol əlin beyindəki təsviri genişləmişdir. Bütün bu tapıntılar beynin plastikliyinin hətta yetişkinlərdə belə tamamilə itirilmədiyinə işarə edir. Yəni, qarşınızda özünkündən başqa heç kəsin fikrini qəbul etməyən yetişkin bir insan varsa, bu çox yəqin ki, onun beyninin qaxaclaşmasından deyil, belə olan halda strategiyanı dəyişməlisən, yoldaş oxucu.
Beynin potensialını, işləyişini ortalama insan səviyyəsində yuxarı qaldırmaq, mükəmməlləşdirmək insanlığın daimi arzularından biri kimi görünür, bunu bir çox Amerikan filmlərdən siz də yəqin ki, müşahidə etmisiniz. Heç bunun qarşısında duran siyasi və mənəvi problemlərinə girmədən də görürük ki, məsələ əslində heç o qədər də asan deyil: bunu qəbul etmək nə qədər çətin olsa belə, beynin necə işlədiyini hələ ki, bilmirik. Aydındır ki, beynin necə işlədiyini bilmədən, superinsan zəkası əldə etmək cəhdləri zamanı əldə olunan hər hansı bir uğur, əks təsirləri məlum olmayan təsadüfdən başqa bir şey olmayacaq. Lakin yuxarıda sözünü etdiyim yeni neyronların əmələ gəlməsi (neyrogenez) və sinaptogenez prosesləri daha ətraflı öyrəndikcə, aldığımız bilgini Alzheimer kimi kütləvi hüceyrə ölümü ilə səciyyələnən müxtəlif xəstəliklərin müalicəsində istifadə edə bilərik. Elmi baxımdan isə, beynin fəaliyyətinin əsasını təşkil edən neyron şəbəkələrinin zamanla necə inkişaf edib formalaşması, onların necə işlədiyi ilə bağlı vacib ipucları verə bilər.
Mənbələr
1. Gazzaniga, S.M., Ivry, R.B., Mangun G.R. (2009). Chapter 3: Neuroanatomy and Development. in Cognitive Neuroscience: The Biology of Mind (59-110). New York, NY: W. W. Norton & Company.
2. Merzenich, M.M., Kaas J.H., Wall J., Nelson R.J., Sur M., Felleman D. (1983). Topographic reorganization of somatosensory cortical areas 3b and 1 in adult monkeys following restricted deafferentation. Neuroscience, 8(1), 33–55.
3. Elbert T., Pantev C., Wienbruch C., Rockstroh B., Taub E. (1995). Increased cortical representation of the fingers of the left hand in string players. Science, 270 (5234):305-7.