2013

Product Placement
will byers stan first human second

@theartofmadeline

shark vs the universe
Jules of Nature
ojovivo
Show & Tell

izzy's playlists!
Monterey Bay Aquarium

blake kathryn

JBB: An Artblog!

❣ Chile in a Photography ❣
Not today Justin

No title available
$LAYYYTER
Cosmic Funnies
art blog(derogatory)

#extradirty
Xuebing Du

JVL

seen from United States
seen from Spain
seen from United States
seen from United States
seen from Malaysia
seen from Italy
seen from Spain
seen from United States

seen from Türkiye
seen from Bangladesh
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
@halmashik
2013
davranış biologiyası
Dawkins oxuyub həddən artıq həyəcanlanan bioloqların xoşladığı bir ifadə var: “Toyuq yumurtanın yeni bir yumurta yaratması üçün bir metodudur.” Bu bənzətməni ən məşhur halı ilə Dawkins Xudbin Gen (The Selfish Gene) adlı kitabında ortaya qoymuşdur. Kitabın bir çox alim tərəfindən hələ də yüksək dəyərləndirilməsinin yeganə səbəbi, oxucunu bioloji proseslərə fərqli baxış bucağından baxmağa dəvət etməsidir. Misalı davranış elmindən verək: adətən insanlar fərdlərin davranışını onların məqsədləri, motivasiyaları, hisləri ilə əsaslandırırdısa (”Cəmilə Ramildən ayrıldı çünki sərgilədiyi seksist mövqedən artıq bezmişdi.”), Dawkinsə görə davranışa həm də genlərin bucağından baxmaq olar. Uzun vadədə təbii seçmə yolu ilə təkamül prosesində seçilən davranışlar növbəti nəsillərə keçir. Ona görə də, əlinizdəki davranışlar genləri nəsildən nəsilə keçirməkdə uğurlu olduqlarına görə seçilirlər. Metafora ilə izah etsək, toyuq olmaq təzə yumurta düzəltməyin daha yaxşı yoludursa, yumurta toyuğa çevrilir. Bu o deməkdir ki, hər hansı bir davranışın səbəbi təkcə həmin fərdin hisləri, motivasiyaları, istəkləri və s. ilə açıqlana bilsə də, uzun vadədə davranışların çoxalma və həyatda qalmağa verdikləri fayda onların nümayiş edilib-edilməyəcəyini təyin edir.
Bu ideyada problematik heç nə yoxdur. Belə baxış bucağı dəyişiklikləri elmdə çox edilir. Problem bu düşüncəni götürüb davranışın əsas səbəbi olaraq satmaq istəyən populyar elm yazarlarındadır. Yoldaş həyəcanlı populyar elm yazarları, heyvan davranışlarını hələ də motivasiyalar, hislər, arzular, istəklər, məqsədlər və s. kimi anlayışlarla açıqlaya bilərsiz. İnəklə sevişmək istəyən öküz genetika bilmir, amma kiminlə sevişmək istədiyini bilir. Yəni, hamı genini ötürmək üçün eləmir etdiyi şeyləri. Məsələn, mənim hansısa bir qadın xeylağı ilə barda danışmağımın səbəbi sırf genlərimi növbəti nəsilə keçirmək istəyim deyil (yəni, ümumiyyətlə deyil, evli-barklı adamam, poxa salırsız adamı), sadəcə adamdır danışmaq istəyirəm. Ona görə də, psixologiya hələ də elmdir və səbəb-nəticə əlaqələri ancaq gen səviyyəsində deyil (ümumiyyətlə, davranış kimi üst səviyyəli bir şeydə səbəb-nəticə əlaqələrinin vacib olanları gen səviyyəsində deyil). Ona görə də, özünüzü yığışdırın, qadınlarla da düzgün rəftar edin, onlar sizin yumurtalarınızı növbəti nəsilə keçirmək vəzifəsi daşıyan toyuqlar deyil.
elmi görünən söhbətlər - 1
Bəzi Qərbli dostlarımız 30 il bundan əvvəl Sovet İttifaqının dağılması və onunla birlikdə kommunist və sosialist düşüncənin praktiki olaraq siyasi arenadan silinməsini əvvəl-axır baş verəcəyi bilinən mütləq bir hadisə kimi satmağa çalışır. Bəzi xüsusi elmi maraqları olan dostlar üçün isə ideya təxminən belə bir şeydir: siyasət də təbii seçmə prosesi kimidir, mühitə və şərtlərə daha yaxşı uyğunlaşmış ideologiyalar həyatda qalır; kapitalizm daha uğurlu olduğuna görə həyatda qalır, sosializm isə təbiətin uğursuz bir eksperimenti idi. Fəlsəfi meylilikləri olan bir digər yoldaş isə məsələyə nəzəri tərəfdən baxır: ideologiyalar da bir növü nəzəriyyələrdir; heç biri mütləq həqiqət olmasa da hamısı təcrübələrlə yalanlana bilir, səhv çıxarılan nəzəriyyə isə zibil qutusuna atılmalıdır (Alman filosofun bu yalanlana-bilmə kriteriyası elmi nəzəriyyələri qeyri-elmi olanlardan ayırmaq üçün nəzərdə tutulmuşdu). Yəni, kommunizm təcrübələrlə yalanlandı və o kitab (və onunla birlikdə üç əsrlik elmi-fəlsəfi çalışmalar) bağlandı; kapitalizm isə indiyə qədər bütün təcrübələrdən keçib və nə qədər qeyri-ideal olsa da, hələ ki, yalanlanmayıb.
Elm dediyiniz zad çox sürüşkən zaddır, yoldaşlar, onu və məhsullarını istədiyiniz məqsədlərlə istifadə edə bilərsiz, ona görə də digər şeylərlə olduğu kimi, onu da allahlaşdırmamaqda fayda var (allahın özünü də allahlaşdırmayın, mümkünsə). Elmi nəzəriyyələri ictimai düşüncəyə birbaşa tərcümə edənlərə xüsusi diqqət vermək lazımdır, çünki elmin cəmiyyətdə tutduğu dominant avtoritet rolundan istifadə etmək mesajınıza güc qatmağın ən yaxşı yollarından biridir (bunu Jordan Peterson kimi moruqlar çox peşəkarlıqla edir.). Əslində isə burada əsas məsələ fərqindəlik və şərh məsələsidir: hansı faktorların fərqindəsən, nələri düşüncənə daxil edirsən və əlindəkiləri necə şərh edirsən.
Gəlin birlikdə Qərbli yoldaşlarımızın istifadə etdiyi eyni elmi dildən istifadə edərək kommunizmi və sosializmi suyun üzünə çıxaraq. Həqiqi kommunizm əslində insan təbiətinin çatacağı açar (və ya ingiliscə desək, landmark) mərhələlərdən biridir. Lakin, hamının bildiyi kimi, təbii seçmə çox israfçı prosesdir: uğurlu bir növün əmələ gəlməsi üçün minlərlə, milyonlarla uğursuz variantlar istifadə olunmalı və mühitdə test olunmalıdır; bu milyonlarla qurban olmadan, həmin uğurlu növə çatmağın möcüzəvi yolu yoxdur. Ona görə də, kommunizm ideyasına çatmaq üçün insan cəmiyyətləri bir çox təcrübədən keçməlidir. Bu birincisi.
Digər tərəfdən, kommunizmi doğruluğu isbatlanmalı və ya rədd edilməli bir elmi hipotezə də bənzədə bilərik. Bildiyimiz kimi, bir təcrübənin uğurlu olması üçün alimlər çox vaxt onlarla səhv etməli və səhvlərindən öyrənməlidirlər. Məsələn, Alan Badiou Kommunist Hipotezi adlı kitabında da məhz bu yanaşmanı götürür. Popperin dediyindən fərqli olaraq, təcrübələrimizin uğursuz olması hipotezi pəncərədən atmağımız üçün səbəb ola bilməz, əgər belə olsaydı indi bildiyimiz elm olmazdı, çünki proses çox böyük ölçüdə yoxlama-yanılma metodundan ibarətdir. Yəni, uğursuzluğun necə bir uğursuzluq olması çox vacib məsələdir. Bir gün aparatın işləmir, bir gün proqramda hansısa səhvin olduğunu aşkarlayırsan. Əgər hər alınmamış təcrübəyə əsasən nəzəriyyəni atsan, ondan vay halına. Bir sözlə, bir şeyin doğru olub-olmadığını yalnız təcrübə nəticələrinin hansısa reallığı həqiqətə uyğun bir şəkildə əks etdirdiyinə inandıqdan sonra qərar verə bilərsən. Həmin nöqtəyə çatana qədər isə, həmişə aparatın və ya elmi yanaşmanın səhv olması ehtimalı var. Kommunizmin doğru olub-olmadığını yoxlamaq üçün təcrübələrin və yanaşmanı inkişaf etdirmək və doğru olduğundan əmin olmaq lazımdır, bir-iki təcrübəyə görə bütöv nəzəriyyəni pəncərədən tullamaq yox.
Belə. Yəni istədiyiniz hər şeyi elmə bənzədib əsaslandıra bilərsiz. Bənzətmələr insan düşüncəsinin ən vacib silahlarından biridir, onlar olmadan çox şeyi başa düşməyimiz çətin olar. Lakin kimin nəyi nəyə bənzətdiyinə diqqət etməli və hansı bənzətmənin haqlı, hansının haqsız olduğunu mühakimə etməyi öyrənməliyik.
| Ərtoğrul Alışbəyli | Zərdabi adına Təbiət Tarixi Muzeyində başladığımız elmi muzeylər aləminə səyahətimizdə növbəti dayanacaq İstanbulda yerləşən və 2008-ci ildə açılan İslam Elm və Texnologiya T…
Elmi muzeylərdə reportajlar seriyasında Zərdabi adına Təbiət Tarixi Muzeyindən sonra ikinci yazı
| Ərtoğrul Alışbəyli | Təhsillə bağlı müzakirələrin böyük hissəsi çatılması arzuolunan son nöqtələr üzərində gedir: son məhsul nəyə oxşamalıdır? (Yazı boyu təhsil dedikdə əsasən elmi təhsilini nəzə…
Bu bloqda başlamış Salyan Universiteti saqasının növbəti epizodu
Sürünən Bağça (2014)
Tarix: 2 Noyabr, 2018, 19:00
Məkan: Baku Idea Lab
Məkan və zamanın böyüdüldüyü, intellektin yeni formada ortaya çıxdığı, ayağımızın altındakı dünyanı araşdıran, real elmi-fantastika filmi. Sürünən Bağça (Creeping Garden) elmin kənarlarında çalışan alimləri, mikoloqları (göbələkləri öyrənən alimləri), sənətçiləri və onların heyrətamiz selikli göbələklərlə əlaqəsini araşdırır. Selikli göbələklər biologiyadan ilhamlanmış dizayn üçün, yaranma nəzəriyyəsini (qeyd: yaranış nəzəriyyələri ilə səhv salınmamalı), qeyri-adi hesablamaları və robot kontrollerlərini hazırlamaq və öyrənmək üçün istifadə olunur ki, bu sahələrin çoxu elmlə fantastikanın sərhəddində yerləşir. Lakin film bu orqanizmləri təkcə laboratoriyada deyil, həm də təbiətə üz tutaraq, təbii mühitlərində də göstərir. Filmdən öncə bioloq Araz Zeyniyev tərəfindən “Seliklilər - bu kifəbənzər mikrobların "ağıl” ilə əlaqəsi nədir?“ mövzulu mühazirə oxunacaq. Dil: İngilis dilində Azərbaycan dilində altyazı ilə
Giriş: Pulsuz
belə də.
Köpək Dişi (2009)
Tarix: 27 Oktyabr, 2018, 18:00
Məkan: Baku Idea Lab
Şəhərkənarında ana, ata və üç uşaqdan ibarət ailə yaşayır. Ev hündür hasarla əhatələnib və uşaqlar oradan heç vaxt kənara çıxmayıblar. Uşaqlar xarici təsirlər olmadan valideynlərinin doğru hesab etdiyi formada böyüyür, əylənir, nələrsə öyrənir, oynayırlar. Səmada görünən təyyarələrin isə oyuncaq olduğunu zənn edirlər.
Kənar dünyadan evə daxil ola biləcək tək insan Kristinadır. Ailə onu oğullarının seksual tələbatını ödəmək üçün çağırırlar. Evin böyük uşaqları ailənin əsas qanununa yaxşı bələddirlər: Köpək dişin düşməmiş evi tərk etmək qadağandır. Dil: Yunan dilində Azərbaycan dilində altyazı ilə
Giriş: Pulsuz
Belə şeylər də var.
bilmək vs öyrənmək
Bilmək istədiyim amma öyrənmək istəmədiyim şeylər var dünyada. Riyaziyyatı, iqtisadiyyatı, fizikanı, kompüter elmini bilmək istəyirəm, çox yox, dərdimi başa salacaq qədər. Bir də öyrənmək istədiyim şeylər var: davranışın fiziologiyası, ekologiyası, fəlsəfəsi, sosiologiyası. İdrak elmi haqda məqalələr oxumaq, təcrübələr haqda baş sındırmaq, tənqidi yanaşmaq, mövqeyə sahib olmaq, müzakirə aparmaq həzz verir. Bilmək istədiyim şeyləri öyrənməyə başlasam bəlkə onlar da eyni dərəcədə həzz verəcək. Amma insan öyrənmək istəmədiyi şeyləri niyə bilmək istəsin ki? Ümumiyyətlə, bir şeyi “bilmək” kateqoriyasından “öyrənmək” kateqoriyasına keçirmək niyə bu qədər çətindir?
Bəlkə də öyrənmək bilməkdən daha çətin işdir, ona görə. Məsələn, Mamed məhlədəki bütün uşaqların adlarını, yaşlarını, atalarının adlarınacan bilir, proses onda orqanik alınıb: həyətdə illərlə yaşayıb, ünsiyyətdə olub adamlarla və nəticədə bu şeyləri avtomatik olaraq öyrənib, bilir. Nərgiz isə məhləyə təzə gəlib, adam arasına çıxıb insanlarla tanış olmaq böyük şəxsi təşəbbüs və enerji investisiyası tələb edir. Yəni, nəticədə, Nərgiz də Mamedin bildiyini bilmək istəyir, amma necə ki, Mamedin bu bilgiləri toplaması illər çəkibsə, Nərgizin də bunları qısa zamanda öyrənəcəyi real deyil. Bəs nə etməli onda?
Düzgün olan şey (yəqin ki) ilk növbədə hər şeyi zamana buraxmaq və eyni zamanda, bəzi xırda vərdişlər edinməkdir. Nərgiz məqsədinə çatmaq üçün xüsusi bir şey etməli deyil: ondan hamının evinə bir-bir gedib, qucağında padnosla dolma aparmasını gözləmək düzgün olmazdı. Əvəzində, müəyyən fəaliyyətlərə qoşula-qoşula yavaş-yavaş o insanların bir hissəsilə tanış ola bilər. Riyaziyyatı dərdini başa salacaq qədər bilmək istəyirsənsə onu hansısa bir yolla həyatına ürcah eləməlisən və həmin balaca cığırla yavaş-yavaş gedib zamanla biliyini dərinləşdirməlisən.
Düzgün olan ikinci (və ən çətin) şey isə, bəzi şeyləri heç vaxt yaxşı bilməyəcəyini qəbul etməkdir: həyat qısadır və ona görə də, hər şeyi dərindən öyrənməyə sadəcə olaraq vaxt yoxdur. Təəssüf ki, bunu etmək özü də müəyyən bir yetkinlik istəyir. Bilmək istəyi yəqin ki, ən təməl istəklərdəndir. Hər şeyi bilən zada Tanrı deyib, başımızın üstünə qoymuşuq. Lakin insan elə bir zaddır ki, Tanrı yaratmaqla yetinmir, özü də bir az Tanrılıq eləmək istəyir. Bu zaman necəsə hər şeyi bilmənin bir yolunu tapmalı, ən azından bilirmiş kimi göstərməyi bacarmalıdır. Səfehliklərin çoxu bu öyrənmək istəmədən bilmək istəyindən yaranır ona görə də. Sən də topologiyanı bilmə, qərdeşim, dünyanın axrı deyil ki?! Sən də başqa şeyləri öyrən, başqa şeyləri bil, limitli bilginin fərqində ol və limitli bilgini göz önündə tutaraq, təvazökar yaşa həyatını, çətindir?
quruluş səviyyələri - 2
Kainatdakı hər şey, elə kainatı özü belə fərqli quruluş səviyyələri boyu düzülüb. Hər quruluş səviyyəsindəki “fərdlərin” (bunlar atomlar, molekullar, hüceyrələr, orqanizmlər və s. ola bilər) birləşməsi və birgə işləməsi nəticəsində növbəti quruluş səviyyəsindəki məfhumlar ortaya çıxır. Bir aşağı səviyyədəki fərdlərin işləyişindən birbaşa təxmin olunmayan və yalnız bir yuxarı səviyyədəki bütünlərdə müşahidə olunan xassələrə yaranan xassələr deyilir. Yəni, hüceyrələrin ayrı-ayrı işləyişlərindən yola çıxaraq təxmin edə bilməyəcəyiniz , lakin orqanlarda və orqanizmlərdə müşahidə olunan xassələrdir yaranan xassələr. Məsələn, təkcə əzələ hüceyrəsinə baxaraq, ürəyin bütöv bir orqan olaraq necə işlədiyini təxmin eləmək mümkün deyil. Məhz bu səviyyələr arası əlaqələrin təxmin olunmasının çətinliyinə görədir ki, müasir elm ayrı-ayrı hissələr bölünür. Bunları demişik, bunlar bilinən şeylərdir. Lakin burada maraqlı bir məqam var.
İnsan əqli fəaliyyətinin quruluş səviyyələrinə uyğun olaraq bölünməsi və elm sahələri arasındakı əlaqələrin azlığı fərqli səviyyələri dərin ayrıntı ilə öyrənməyə imkan versə də, səviyyələri bir-birinə bağlamaq üçün o qədər də əlverişli deyil. Nəticədə, hərə öz predmetini öyrənir, öyrəndikcə daha çox detal öyrənir amma bu detalların birlikdə daha yüksək səviyyələrdəki məfhumların işləyişinə necə təsir etdiyi ilə maraqlanmır və ya maraqlanmağa fizioloji və əqli olaraq resursları çatmır: hər qurulş səviyyəsində öyrənilməli onsuz da çox şey var, bir də bunun üstünə yeni quruluş səviyyəsi gəlsəz, daha adamın işi var onda.
İnsan cəmiyyətlərindəki siyasi quruluşların qeyri-adekvatlığı da bir yerədək bundan qaynaqlanır. İnsanlar tarix boyu insanların fərd səviyyəsində necə işlədiklərilə bağlı çox şey öyrənmişdir: psixologiya, psixiatriya, incəsənət tarixi, canım sənə desin, fiziologiya, memarlıq, və s. İnsanlar tarix boyu sosiologiya, siyasət elmləri, iqtisadiyyat və s. sahələri ilə insan toplumlarının necə işlədiyi ilə bağlı da çox şey öyrəniblər. Lakin iqtisadiyyatçının güclü psixoloq, psixoloqun həm də güclü sosioloji və iqtisadi biliyə malik olduğu görülməmiş, görülməşsə də çox nadir hallarda görülmüş bir hadisədir. Araşdırdıqları bütünü təşkil edən fərdlərin xüsusiyyətləri və o xassələrin bütündəki rolu haqda ciddi fikrə sahib olmadan o bütün haqda ciddi nəsə deyəcəklərini gözləmək lazım deyil insanlardan.
Vəziyyət belə olduğu müddətcə insan cəmiyyətləri davamlı olaraq ədalətsizlik, korrupsiya və cinayət kimi şeylərə vaxt itirməyə davam edəcək.
Hundred of seals die near Caspian Sea
© Eltaj Zeynalov
memarlıq neyroelmi [2]
1979-da çap olunmuş Görmə Duyğusuna Ekoloji Yanaşma (Ecological Approach to Visual Perception) adlı kitabında Gibson yazır:
In the last few thousand years, as everybody now realizes, the very face of the earth has been modified by man. The layout of surfaces has been changed, by cutting, clearing, leveling, paving, and building. Natural deserts and mountains, swamps and rivers, forests and plains still exist, but they are being encroached upon and reshaped by man-made layouts. Moreover, the substances of the environment have been partly converted from the natural materials of the earth into various kinds of artificial materials such as bronze, iron, concrete, and bread. Even the medium of the environment–the air for us and water for fish–is becoming slowly altered despite the restorative cycles that yielded a steady state for millions of years prior to man.
Why has man changed the shapes and substances of his environment? To change what it affords him. In making life easier for himself, of course, he has made life harder for most of the other animals. Over the millennia, he has made it easier for himself to get food, easier to warm, easier to see at night, easier to get about, and easier to train his offspring.
This is not a new environment–an artificial environment distinct from the natural environment– but the same old environment modified by man. It is a mistake to separate the natural from the artificial as if there were two environments as if there were a world of mental products distinct from the world of material products. There is only one world, however diverse, and all animals live in it, although we human animals have altered it to suit ourselves, We have done so wastefully, thoughtlessly, and if we do not mend our ways, fatally.The fundamentals of the environment–the substance, the medium, and the surfaces,–are the same for all animals. No matter how powerful men become they are not going to alter the fact of the earth, air, and water–lithosphere, the atmosphere, together with the interfaces that separate them. For terrestrial animals like us, the earth and the sky are a basic structure on which all lesser structures depend. We cannot change it. We all fit into the substructures of the environment in our various ways, for we were all, in fact, formed by them. We were created by the world we live in.
Gibsonun sözünə qüvvət, şəhər landşaftı binalar, turbalar, svetaforlar, maşınlar, skamyalar, fənərlər, zibil qabılar, bir sözlə, irili-xırdalı obyektlər tərəfindən zəbt olunub. Sadaladığım əşyaların hər birinin fərqli dərəcədə də olsa, zamanda davamlılığı var. Buna əlavə olaraq, son ~100 ildə insanların həyatlarına inteqrasiya olunmuş qlobal iqtisadi sistem var ki, bu sistemin sayəsində demək olar ki, sabit qida və sığınacaq (hətta çoxalma) vasitələri var. Supermarket şəbəkələri artıq şəhərlər və ölkələr boyu eyni qida növlərini il boyu demək olar ki, dəyişmədən müştərilərinə təklif edə bilir. İsitmə-soyutma sistemləri sığınacaqlardakı şəraitin fəsildən asılılığını minimuma endirib. Cütləşmə üçün də standart vasitələr kəşf olunmaqdadır. Bütün bunları insanın mühitini daha sabit və belədə, daha gözlənilən (predictable) etmək cəhdi kimi başa düşmək mümkündür. Gibson bu dəyişikliklərin canlının qavrayışını fundamental olaraq dəyişməyəcəyini desə və bunda haqlı olsa da, bu sualı hələ də vermək mümkündür: mühitin statistik olaraq daha da sabit olması qavrayışı və buna bağlı olaraq davranışımızı və idrakımızı necə dəyişdirə bilər? Gündəlik qarşılıqlı əlaqədə olduğumuz əşyalar, faktorlar daha stabil, dəyişməz olarsa bu düşüncəmizə necə təsir göstərər?
Yaşadığı mühiti mümkün qədər gözlənilən və stabil eləmə cəhdini digər canlılarda da görmək mümkündür. Lakin, bir çox canlının mühitini manipulasiya etmək qabiliyyətləri limitlidir. Ona görə də, onların həyatları bizim kimi dəyişməz obyektlərlə yox qarşılıqlı əlaqədə yox, daha çox sabit, daim dəyişən proseslərlə əlaqədə keçir. Başqa sözlə, bəlkə də digər heyvanların bir çoxu bizdən fərqli olaraq əşyalarla yox, proseslərlə, dəyişmə ilə əlaqədə yaşayırlar. Bunun necə ola biləcəyi ilə bağlı intuisiya yaratmaq üçün, təbiətə getdikdə ordakı davranışınıza diqqət edə bilərsiz. Bir dağlıq ərazidə meşə boyu getdiyinizi düşünün. Yol boyu diqqət etdiyiniz şeylər, bu və ya digər ağac, və ya qayadan çox diqqətinizi çəkən, və davranışınızı idarə edən faktorlar daha çox ətrafdakı dəyişmələrdir: küləyin gücü ilə hərəkətə gələn ağacların səsi, hərəkət istiqaməti, hansısa heyvanın çıxardığı səs, ayaq izləri, qoxu landşaftı və s. Bütün bu tipli dəyişkən proseslər müasir insanın həyatında heç bir rol oynamasa da, təbiətdəki heyvanların (və hələ də təbiətdə yaşayan insanların) həyatda qalmasında vacib rol oynayır. Buna görə də, iddia etmək olar ki, müasir insanın həy.at tərzi təbiətdən uzaqlaşdıqca keyfiyyət baxımından əcdadlarınkından ayrılmağa başlayır və bu ayrılma, insanların bir orqanizm olaraq necə işlədiyinə (və ya işləmədiyinə) də təsir edir.
© Eltaj Zeynalov
/// beyin kompüterdirmi?
Beyinin inanılmaz dərəcədə mürəkkəb kompüter olduğu inancı nəinki kütləvi informasiya vasitələri sayəsində cəmiyyətdə, həmçinin elmi icmada da kifayət qədər qəbul olunmuş fikirdir. Lakin bunun nə dərəcədə düzgün fikir olduğu ilə bağlı ciddi suallar mövcuddur. Beyini kompüter kimi ələ almaq, onu başa düşməyimizə nə dərəcədə kömək edir?
Hissiyat, idrak, düşüncə kimi sözlər deyildikdə çoxlarının ağlına beyin, beyin haqda düşünəndə isə saniyədə milyardlarla hesablama aparan, inanılmaz dərəcədə mürəkkəb şəkildə bir-birinə bağlanmış kiçik elementlərin bir-birilə vəhdətli şəkildə işlədiyi kompüterə bənzər bir şey gəlir. Metaforaların dünyanı başa düşməyimizdə vacib rolu olduğunu dana bilmərik. Məsələn, dövlət üçün istifadə olunan ailə, kainat üçün istifadə olunan saat, ürək üçün deyilən nasos metaforaları məşhurdur. Buna baxmayaraq, metaforaların həqiqətin özü yox, müəyyən məfhumlar haqda düşünməyi rahatlaşdıran zehni alətlər olduğunun daim fərqində olmaqda fayda var. Ürəyin necə işlədiyini başa düşmək istəyən üçün göz önündə bir nasos canlandırmaq, bu orqan haqda müəyyən bir ideyaya həyat vermək üçün yaxşı olsa da, sözsüz ki, ürək nasos deyil. Ürək hüceyrələrdən ibarət, milyon illərlə təkamül keçirmiş, bir sıra özünəxas xüsusiyyətləri olan bioloji məfhum, bir orqandır, onu sadəcə mexaniki nasos kimi görmək onu başa düşmək üçün kifayət etmir.
Elmdə istifadə olunan metaforaların çoxu müəyyən anlayışları paylaşmaq, müzakirə etmək üçün çox faydalı alətlər olsa da, bəziləri metaforalıqdan çıxıb hakim müddəa, ya da doqmaya da çevrilə bilir. Bunların iki ən məşhur misalı DNT molekulu üçün istifadə olunan kod və beyin üçün istifadə olunan kompüter metaforasıdır. Sadalananların hər ikisi metafora olsa belə, biologiyada bu fikirlər özlərini aşıb, bir çoxları tərəfindən qəbul olunmuş doqma halını almışdır. Bu və növbəti yazılarda “kompüter kimi beyin” bənzətməsinin doğru olub-olmadığını müzakirə edəcək və neyroelmdə oturuşmuş bu doqmanın bizi bəzən çıxılmaz dalanlara saldığını göstərəcəyik. Ardından, beyin və sinir sisteminə fərqli, təkamül tərəfindən məlumatlanmış, ətraf mühitlə canlının əlaqəsini vurğulayan nisbətən yeni bir yanaşmanı təqdim edib, bəzi hallarda əqli proseslərin heç də həmişə düşünüldüyü kimi qəliz hesablamalardan ibarət olmadığını və istifadə olunan informasiyanın heç də həmişə biz düşünən növ informasiya olmadığını göstərəcəyik.
Bütün dövrlərdə olduğu kimi, 20-ci əsrin əvvəllərində də texnologiyadakı yeniliklər, əldə olunan nailiyyətlər dünya ilə əlaqəmizi, baxış bucağımızı dəyişdirmiş, elmin, sənayenin və adi həyatın bütün sahələrinə təsir etmişdir. Ötən əsrin ortalarında kompüter elmində baş verən yeniliklər neyroelm və psixologiyadakı o zamana qədər dominant olan davranışçı düşüncəni idrakçı (koqnitivist) düşüncə ilə dəyişdirmiş, növbəti 60 il üçün sadalanan elm sahələrinin istiqamətini böyük ölçüdə təyin etmişdir. Bəs nədir bu iki düşüncə məktəbinin fərqlilikləri? Davranışçılara görə psixologiya və neyroelmdəki nəzəriyyələr hansısa mücərrəd, əlçatmaz zehni proseslərə yox, konkret, gözlə görülən və ölçülə bilən davranışlara əsaslanmalıdır. Başqa sözlə, davranışın səbəbləri daxildə baş verən proseslər yox, mühitdəki xarici faktorlar və onların canlıya olan əlaqəsidir (Graham 2017). Riyaziyyat və kompüter elmlərindəki yeniliklərdən ilhamlanan idrakçı düşüncə isə davranışın səbəblərini əsasən sinir sistemində baş verən, kodlaşdırma və hesablama kimi başa düşülə bilən elektrik fəaliyyətindəki dəyişikliklərə bağlayır. İdrakçılara görə beyindəki neyronlar ətraf mühiti, kompüterlərdə istifadə olunan 1 və 0-dan ibarət kodlara analoji kodlaşdırır və bu kodlar üzərində hesablamalar aparır. Müşahidə etdiyimiz davranışlar isə bu hesablamaların hərəki nəticələridir. Məsələn, bu düşüncəyə görə, gözdəki reseptorlar eynilə kameranın sensoru kimi görüntü dairəsindəki bütün işığı qəbul edib, məlumatı beyinə göndərir, beyindəki neyron şəbəkələri isə bu məlumatın arasında vacib olanları seçir və müxtəlif yollarla analiz edir (əşyaları tanıyır, kateqoriyalara bölür, gəlir-xərc analizi aparır) və gəlinən nəticələri qərarların verilməsində, hərəkətlərin planlanmasında və s. istifadə edir.
İdrakçı nəzəriyyənin ortaya qoyduğu yanaşma neyroelmə yeni eksperimental istiqamətlər bəxş edib, bu gün beyin haqda bildiyimiz bir çox şeyi öyrənməyimizə kömək etsə də, bu yanaşma ilə bağlı bir sıra problemlər var. Bunlardan fikrimcə ən başlıcası, amerikan filosof Daniel Dennett tərəfindən zarafatla “Descartes teatrı” deyə adlandırılan bir vəziyyətə bənzər bir halın əmələ gəlməsidir (Brette 2017). 17-ci əsr fransız filosofu Descartesa görə bədən və ruh müvafiq olaraq material və qeyri-material olan, lakin bir-birilə əlaqədə olan iki ayrı şeylər idi. İki məfhum bir-birilə beyində epifiz vəzində əlaqəyə girir və bu şəkildə material bədən, qeyri-material ruhla birlikdə işləyə bilir; bu mövqeyə fəlsəfədə ruh-bədən dualizmi deyilir. Yəni, Descartes’ın bu ideyasını modelləşdirsək, daha öncəki görmə misalında ətrafdakı mənzərə gözlərdən və beyindəki strukturlardan epifiz vəzinə proyeksiya olunur, orda oturan qeyri-material ruh və ya “balaca adam” mənzərəyə baxıb düşünür, mülahizələr yürüdür, gəldiyi nəticələri yenə də epifiz vəzi yolu ilə təzədən material bədənə ötürərək onu hərəkətə gətirir. Günümüzdə bu mövqedə olan adamlar çox azdır. Lakin kompüter kimi beyin bənzətməsi də bizi məhz buna bənzər bir nəticəyə gətirib çıxara bilir. Belə ki, əgər neyronların fəaliyyəti ətrafdakı şeyləri kamerada olduğu kimi kodlaşdırırsa, beyindəki digər neyronlar bu mənzərəyə “baxıb” dünya haqda fikir yaratmalıdırlar. Amma beyin belə bir şey edə bilməz, çünki beyini araşdıran elm adamlarından fərqli olaraq beyindəki neyronlar ancaq başqa neyronların elektrik fəaliyyətlərini qəbul edə bilir. Arqumenti başa düşmək üçün 2-ci Dünya Müharibəsində nasistlər öz aralarında əlaqə saxlamaq üçün istifadə etdiyi Eniqma maşınının kodunun qırılmasına qısa nəzər salaq. Bölüklər arasında paylaşılması istənən mesaj klaviatura ilə Eniqmaya daxil edilir və aparat hər hərfi başqa bir hərflə kodlayır. Nəticədə əmələ gələn hərf ardıcıllığı Morse kodu şəklində hədəf məntəqəyə göndərilirdi. Periodik olaraq dəyişdirilən bu kodun qırılması üçün ən vacib məsələlərdən biri göndərilən mesajlarda təkrar-təkrar deyilən şeylərin nə olduğunu bilmək idi. Mesajlarda standart olaraq deyilən şeylərdən biri isə hava haqqında məlumat idi. Yəni, kodu qırmaq üçün, kriptoqraflara mesajlarda nəyin ola biləcəyi ilə bağlı müəyyən fikir yaranmalı idi. Lakin neyronların digər neyronların fəaliyyətlərində kodlanmış şeyləri başa düşmək üçün xarici məlumatlara çıxışı yoxdur. Yəni, sinir sistemi dediyimiz şey bu milyardlarla kiçik sinir hüceyrələrindən və onların fəaliyyətinin cəmindən ibarətdir, onun içində elektrik fəaliyyətinin kodunu qıracaq adam yoxdur. Ona görə də, kompüter kimi beyin bənzətməsi ilə bağlı belə bir sual yaranır: əgər neyronların fəaliyyətləri də bir növ koddursa, sinir sistemi öz içində baş verən bu fəaliyyəti necə oxuyub ətraf aləm haqda fikir yaradır?
Kompüter bənzətməsindən ilhamlanan idrakçı düşüncənin cavab verə bilmədiyi bu suala cavab tapmaq üçün sinir sistemini təcrid olunmuş hesablama aparatı kimi yox, bədənin bir hissəsi kimi, digər orqanlar və əzələlərlə daimi qarşılıqlı əlaqədə olan bir sistem kimi görmək lazımdır (Gibson 1979; Varela və b. 1991; Pfeifer & Bongard 2006; Barrett 2011). Bundan əlavə, bu sistemin vəzifəsinin nə olduğu barədə daha dəqiq fikrə sahib olmalıyıq. Sinir sisteminin əsas funksiyası hesablama aparmaq yox, digər sistemlərlə, xüsusilə də əzələlərlə birlikdə davranışı ortaya çıxararaq, canlının həyatda qalıb çoxalmasına imkan yaratmaqdır. Yəni, davranışı anlamaq üçün sinir sistemindəki elektrik fəaliyyəti təcrid olunmuş şəkildə öyrənmək nəinki kifayət deyil, hətta məsələni bu şəkildə (yəni, hesablama problemi olaraq) çərçivələmək davranışın necə əmələ gəldiyini başa düşməyimizin qarşısında sərhədlər yarada bilər. Belə ki, canlının sinir sisteminin bədən müstəqil, təcrid olunmuş şəkildə analizi, bizi heç də məhsuldar olmayan konseptual alətlər və anlayışlarla sərhədləyə bilər ki, bu da, davranışı başa düşmək yolunda bizə əngəl yarada bilər.
Tropik bölgələrdə yaşayan, tullanan hörümçək (saltisid) növü Portia çoxlarını heyrətləndirəcək qabiliyyətlərə malikdir. İri və yaxşı inkişaf etmiş gözlərə malik olsa da iynənin ucu boyda beyinə sahib bu hörümçək daha çox digər hörümçəkləri ovlayaraq qidalanır. Portia-nı bizim üçün maraqlı edən xüsusiyyəti ovlanma zamanı istifadə etdiyi müxtəlif mürəkkəb manevrlərdir. Belə ki, bu hörümçək digər hörümçək növlərini yamsılaya, ovunun fikrini yayındırmaq və ya cəlb etmək üçün onun torunu hərəkətə gətirə, küləyin torda yaratdığı hərəkətdən istifadə edərək, tor üstündə cəld hərəkət edərək şikarına yaxınlaşa bilir. Ən maraqlısı isə odur ki, Portia uzaqdan ovunun yerini təyin edərək, onurğalıların etdiyi ilə müqayisə olunacaq dərəcədə mürəkkəb, dolambac yollarla şikarına doğru hərəkət edə bilir və yolda şikarını gözünün önündən itirsə də, sonda gedib ona çatmağı bacarır. Davranış kənardan baxan insan üçün yol xəritəsinin cızılması, yaddaşda saxlanılması və müəyyən bir zaman çərçivəsində istifadəsi kimi görünür. Əgər yolun ortasında hörümçək şikarını görmürsə amma yenə də, daha sonra seçdiyi dolanbac yolla davam edib şikarına çata bilirsə, deməli onun beyinində ətraf mühitin xəritəsi əmələ gəlir və o bu xəritədən istifadə edərək hərəkətini idarə edir, elə deyil? Xeyr, insan olaraq bizə təbii gələn bu açıqlama Portia üçün keçərli deyil. Belə ki, Portia şikarının yerini təyin etdikdən sonra, əgər şikara tərəf birbaşa yol yoxdursa, ikinci bir nöqtə təyin edib həmin nöqtəyə gedib, oradan ətrafı bir daha nəzərdən keçirir. Əgər birbaşa yol yenə də yoxdursa, daha bir aralıq nöqtə təyin olunub ora doğru gedilir. Hər hansı bir nəzərdən keçirmə mərhələsində ən çox hara baxırsa, hərəkətə keçəndən sonra o istiqamətə gedir. Hara çox baxdığını təyin etmək üçün istifadə olunan metod isə çox bəsitdir. Portia-nın gözləri mühitdəki horizontal, kəsintisiz xətləri təyin etməyə kömək edir və heyvan şikarının olduğu yerlə birləşən horizontal xətləri izləyərək, hədəfə çatır (Tarsitano 2006).
Portia misalı onu göstərir ki, üçüncü şəxs mövqeyindən baxaraq, heyvanın istifadə etdiyini düşündüyümüz məlumat, apardığını düşündüyümüz hesablamalar, heyvanın reallıqda istifadə etdiyi məlumatla, etdiyi şeylərlə eyni olmaq məcburiyyətində deyil. Yəni qıraqdan baxanda, hörümçək bizdə çox qəliz hesablamalar aparıb, uzunmüddətli planlar qurduğu təəssüratını yaratsa da, məsələyə hörümçəyin nöqteyi-nəzərindən baxanda onun davranışının başqa əsaslarla ortaya çıxa bildiyi məlum olur. Bu isə əslində çox təəccüblü olmamalıdır, çünki yaşadıqları mühit, sahib olduqları bədən canlılara müxtəlif davranış imkanları yaradır. Məsələn, möhkəm səth üstündə yeriməyə, hava uçmağa, iki ədəd qulaq və hərəkət edilə bilən boyun səsin haradan gəldiyini təyin etməyə, Portia-nın mürəkkəb gözləri mühitdəki şikarı və səthləri analiz eləməyə imkan verir. Ona görə də, heyvanın davranışını anlamaq üçün ilk öncə bədənin və yaşadığı mühitin ona hansı qabiliyyətləri verdiyini bilmək lazımdır (Wilson & Golonka 2013). Canlıların davranış zamanı istifadə etdikləri informasiyanı, onların quruluşu ilə mühiti arasındakı qarşılıqlı əlaqə təyin edir, qıraqdan baxan elm adamının aid olduğu düşüncə məktəbi yox. Heyvanların davranışları təbii seçmə prosesində onlara həyatda qalıb çoxalma imkanı verib-vermədiyinə görə seçilir. Buna görə də, heyvan üçün əsas olan mühitdəki fiziki olaraq ölçülə bilən parametrləri dəqiqliklə ölçüb, onlar üzərində mücərrəd hesablamalar aparmaq yox, həmin mühitdə mümkün qədər çox qidalanıb, çoxalmağa imkan yaradan davranışı sərgiləməkdir.
Deyək ki, canlının hissiyat orqanlarını, hərəkət orqanlarını, mühitindəki qanunauyğunluqları, bunların qarşılıqlı əlaqələrini öyrəndik, bu bizə, məsələn, qırmızı rəngin yaratdığı hissin, zəng səsinin yaratdığı hissdən nə ilə fərqləndiyini açıqlayırmı? Nəticə etibarı ilə, bunların hər ikisi beyin boyu müxtəlif sahələrin aktivləşməsinə gətirib çıxarırsa da, beyində bütün bu fəaliyyəti analiz edən adamcığaz oturmadığına görə, bu elektrik fəallığının dünya haqda fikir yaratmağımıza necə imkan verdiyi hələ də aydın deyil.
Fərqli hissiyat sistemlərinin orqanizmdə fərqli hisslərə necə gətirib çıxardığı ilə bağlı ən maraqlı fikirlər, mənim fikrimcə, amerikan psixoloq James Gibsona və onun müasir davamçılarına aiddir (Gibson 1979). Gibsona görə, görmə duyğusundan alınan məlumat gözün arxasına düşən şəkildən yox, canlının və ətrafdakı obyektlərin hərəkəti zamanı baş verən dəyişikliklərdən əldə olunur. Canlı hərəkət edərkən gözün reseptorlarının üstünə düşən mənzərə müəyyən qanunauyğunluqla dəyişir. Məsələn, obyektə doğru yaxınlaşdıqda onun ölçüsü artır və ya obyektin ətrafında hərəkət edərkən onun daha əvvəl görüntüdən kənar hissələri görünməyə başlayır və s. Hərəkətə bağlı olaraq gözə düşən işıqda baş verən dəyişikliklər və bu dəyişikliklərdəki qanunauyğunluqlar sistem üçün əsas informasiya mənbəyini təşkil edir. Gibsonun bu ideyasını bir addım daha irəli aparan O’Regan & Noë (2001), qırmızı rəngin zəng səsindən fərqlənməsinin səbəbini, duyğu sisteminin (görmə, eşitmə, və s.) fəaliyyətindəki qanunauyğunluqların özünəməxsus olmasında görür. İddianı başa düşmək üçün bir addım geri ataq və görmə duyğusuna fokuslanaq.
Göz, daxilində işığın müxtəlif dalğa uzunluqlarına qarşı qeyri-bərabər dərəcədə həssas olan reseptorlardan ibarət orqandır. Gözə düşən işıq şüaları bu reseptorların elektrik fəaliyyətini dəyişdirir və bu elektrik fəaliyyəti beyindəki müxtəlif ərazilərə ötürülür. Qulaqdakı səs dalğalarının əmələ gətirdiyi mexaniki dalğalanmaya həssas olan reseptorlar da analoji şəkildə qulağa daxil olan səsə bağlı olaraq elektrik fəaliyyətlərini dəyişdirirlər və bu dəyişiklik beyinin müvafiq ərazilərinə göndərilir. Məqalə boyu verdiyimiz sual isə budur: bu iki elektrik fəaliyyəti arasındakı hansı fərq onlardan birinin səs, digərinin rəng kimi hiss olunmasına gətirib çıxarır? O’Regan və Noënin iddiası budur ki, duyğu orqanlardakı elektrik fəaliyyətinin dəyişməsi canlının öz etdiyi hərəkətlərdən və mühitdəki obyektlərin hərəkətindən asılı olaraq görmə sistemində bir cür, eşitmə sistemində başqa cür dəyişikliklərə yol açır. Müəlliflərə görə, qırmızını bizim üçün qırmızı edən şey, müxtəlif hərəkətlər zamanı qırmızı səthlərin beyinimizdə yaratdığı fəaliyyətdəki özünəməxsus dəyişikliklərdir. Dəyişikliklərin özünəməxsusluğu isə işığa həssas hüceyrələrin gözdə paylanmasından yaranır. İşıq reseptorları adlandırdığımız bu işığa həssas hüceyrələr gözdə qeyri-bərabər şəkildə paylanıb və mühitdə qırmızı olaraq hiss etdiyimiz səth gözümüzdəki reseptor təbəqəsində hərəkətə bağlı olaraq özünəməxsus dəyişikliklər əmələ gətirir. Beləliklə, etdiyimiz hərəkətlər, hissiyat orqanlarının quruluşu mühitdəki rəng, ölçü kimi xüsusiyyətləri başa düşməyimizə kömək edir, görməyə imkan yaradır. Nəzəriyyəyə görə, duyğu sistemlərinin işləyişində onların hərəkətləri mərkəzi rol oynayır. Müəlliflərin fikrincə, canlı inkişaf prosesi ərzində müxtəlif duyğu orqanları ilə bağlı dəyişmə qanunlarını öyrənir və bu qanunları aktiv şəkildə istifadəsi sayəsində mühiti qavrayır. Bu iddianın ən intuitiv əsasını toxunma sistemində görmək mümkündür. Belə ki, hamımız bilirik ki, gözlərimizi yumub bir əşya haqda toxunma hissimizlə məlumat almaq istədikdə, əlimizi həmin əşyanın üstündə gəzdirməliyik, əks halda, hərəkətsiz təmas əşya haqda o qədər də çox məlumat vermir.
Müzakirəmizdə əsas iki əlaqəli məsələni ön plana çəkmək istərdim. Birinci təsvir etməyə çalışdığım məsələ, heyvanların fiziki olaraq üçüncü şəxs tərəfindən ölçülə biləcək məlumatlardan fərqli məlumatları istifadə etməsidir. Kompüter kimi beyin bənzətməsi beyindəki proseslərin məhz bu tipli ölçülər üzərində aparılan hesablama olaraq görür. Lakin fiziki xüsusiyyətlərin beyində təmsil olunması və hesablamalar vasitəsilə manipulyasiya olunması ideyası ilə bağlı bir sıra problemlərin olduğunu gördük. Bunlardan ən başlıcası sinir sistemindəki neyronların xarici dünyaya çıxışı olmamasıdır ki, bu da beyində gedən problemləri kodlaşdırma-dekodlaşdırma kimi görməyi daha az inandırıcı edir. Əvəzində sinir sistemi bədən ilə bir bütün şəkildə hərəkətlər və onlara uyğun olaraq duyğu orqanlarında əmələ gələn dəyişikliklərdəki qanunauyğunluqları öyrənir və onların istifadəsini koordinasiya edir. Bu yanaşma fərqli duyğu sistemlərinin bir-birindən necə ayrıldığını eleqant şəkildə izah etməkdən əlavə, davranışı, hissiyatı beyinin apardığı hesablama kimi yox, bütöv bədənin iştirakı ilə ortaya çıxan bir məfhum kimi görməyə imkan verir.
Mənbələr
Barrett, L. (2011). Beyond the brain: How body and environment shape animal and human minds. Princeton University Press.
Brette, R. (2017). Is coding a relevant metaphor for the brain?. bioRxiv, 168237.
Gibson, J. J. (1979). The ecological approach to visual perception. Psychology Press.
Graham, G. (2017). Behaviorism. In The Stanford Encyclopedia of Philosophy, Edward N. Zalta (ed.).
O’Regan, J. K., & Noë, A. (2001). A sensorimotor account of vision and visual consciousness. Behavioral and brain sciences, 24(5), 939-973.
Pfeifer, R., & Bongard, J. (2006). How the body shapes the way we think: a new view of intelligence. MIT press.
Tarsitano, M. 2006. Route selection by a jumping spider (Portia labiata) during the locomotory phase of a detour. Animal Behaviour 72(6), pp. 1437–1442.
Wilson, A. D., & Golonka, S. (2013). Embodied cognition is not what you think it is. Frontiers in psychology, 4.
Elizabeth Twining’s beautiful illustrations, for Fascination of Plants Day.
Elizabeth Twining was born in 1805 into the Twinings tea merchant family. Raised in a privileged area of London, she learned art and drawing as part of her education. Inspired by Curtis's The Botanical Magazine and the Royal Horticultural Society at Chiswick gardens, she began drawing plants and flowers; she practised by making sketches from works in the Dulwich Picture Gallery, and toured famous museums thanks to her father’s patronage.
From Illustrations of the Natural Order of Plants, 1849.
// daha qalın dərsliklərə doğru
Pionerin yanında Xan dayının ikinci əl kitab mağazasında eşələnirəm. Həmişəki kimi, Sovet vaxtının riyaziyyat-fizika kitabları arasında diqqətimi cəlb edənləri açıq-vərəqləyib təzədən yerinə qoyuram. Məqsədsiz bir axtarışın sonunda mağazadan çıxacaqda, üst-üstə qalaqlanmış dərslik qülləsinin üstündə, cəlbedici üz qabığına malik 11-ci sinif biologiya dərsliyi gözümə dəyir.
Öyrənmə prosesinin böyük hissəsi qəbul olunan informasiyanı hərəkətə çevirərək istifadə etməklə baş verir. Məsələn, saymağı ilk dəfə öyrənən uşaq rəqəmləri sadalayarkən barmaqlarını bir-bir açaraq və ya əşyalardan istifadə edərək rəqəmlər haqda intuisiyasını inkişaf etdirir. Daha mücərrəd fikirlərlə işləyən zaman da, materialı daha yaxşı mənimsəmək üçün çox vaxt müxtəlif hərəkətlərdən istifadə olunur; mətndəki fikirlər diaqramlar vasitəsilə bir-birinə bağlanır, səhifənin qırağına və ya ayrıca bir dəftərə qeydlər yazılır, sitatlar gətirilir, cümlənin altından xətt çəkilir və s. Bütün bunlar effektiv öyrənmənin passiv informasiya qəbulu yox, aktiv informasiya istifadəsi ilə olduğunu göstərir.
İnsanlar bütün günü götlərinin üstündə oturub, başqalarının diktəsi ilə bir şeylər etmək üçün təkamül etməyiblər; yəqin ki, sizin də təcrübəniz insanların belə vəziyyətdə heç də xoşbəxt olmadığını göstərir. Bir çox insanın, uşaqlıq dövrləri ilə bağlı xoş xatirələri, məhz bu dövrlərində azad şəkildə seçdiyi şeyləri edə bilmələri ilə əlaqəlidir. İqtisadi problemlərdən uzaq, hansısa bir avtoritetin təsir dairəsindən böyük ölçüdə kənarda, uşaqlar öz aralarında qruplar halında (və bəzən fərdi şəkildə) bir araya gəlib ortaq maraqlarını tapır və müxtəlif oyunlar kontekstində bu maraqlarını reallaşdırırlar. Sərbəst şəkildə yoldaşları ilə birgə oyunlar qurub oynayan uşaqlar, sosial mühitdə necə davranmağı, müzakirə edib, ortaq məxrəcə gəlməyi, kompromisə getməyi, hamı tərəfindən qəbul olunan ədalətli qaydalar hazırlamağı, onlara riayət etməyi və başqalarının da o qaydalara riayət etməsində iştirak etməyi, oyun zamanı yaranan çətin (və hətta təhlükəli) vəziyyətlərin öhdəsindən gəlməyi, müxtəlif əşyalar düzəldərək mövcud materialların xüsusiyyətlərini, bir-birilə əlaqəsini, ətraf mühitdəki ağacları, heyvanları öyrənir ki, bu, özlüyündə əyləncəli bir şey olmaqdan əlavə, həm də onları gələcək həyata hazırlayır.
Maşınların həyətləri, küçələri, uşaqların oynaya biləcəyi bütün məkanları zəbt etdiyi, hündür binaların minlərlə insanı bir ovuc əraziyə sıxışdırdığı, kubik hasarların getdikcə daha da ucalıb, ailələr və uşaqlar arasında daha da aşılmaz sərhəd olmağa başladığı, valideynlərin uşaqları passivləşdirib dörd divarın təhlükəsizliyində həbs eləmək üçün aqqressiv şəkildə elektronik cihazlardan istifadə etdiyi bir zamanda, bütün bunlar azmış kimi, uşaqları standartlaşdırılmış test imtahanlarına hazırlaşan maşınlara çevirən təhsil sisteminin ciddi tənqidə və dəyişikliyə ehtiyacı var. Sadalanan faktorların uşaqlar üzərindəki təsiri ilə bağlı bir KAMAZ dolusu araşdırma olsa da, bu ədəbiyyatı burada əhatə etmək real deyil. Bundan əlavə, tənqid nə qədər spesifik olarsa, o qədər təsirli olacağını düşünürük. Ona görə də, bu yazıda çox daha spesifik bir məsələyə toxunmaq istəyirik.
Yuxarıda haqqında söz açdığım 11-ci sinif biologiya kitabının cəlbedici üzqabığından əlavə başqa vacib bir xüsusiyyəti də var. Bu isə, təqdirəlayiq bir hal kimi, insan təkamülü mövzusu ilə başlayan bu kitabın həcminin cəmi 200 səhifəyə yaxın bir şey olmasıdır. Bu 200 səhifənin içindəki mətnin həcmi köhnə kitablara nisbətən qat-qat daha aşağıdır; əvəzində, kitabda şəkillərə, diaqramlara və bu kimi elementlərə daha geniş yer ayrılıb. Şəkil və diaqram kimi elementlərin informasiyanın uşaq tərəfindən mənimsənməsi üçün həddindən artıq vacib bir məsələdir; bu elementlər, uşaqların müxtəlif mücərrəd məfhumları intuitiv başa düşmələrinə kömək edir və məlumatı ətraf mühitlə əlaqələndirir. Lakin, elmi nəşriyyatın öldüyü bir ölkədə, 11-ci sinif şagirdi üçün biologiya adına mövcud olan əsas mənbənin bu şəkillə dolu 200 səhifə olması onun biologiya öyrənməsinin qarşısını almaq üçün çox effektiv vasitədir.
Uşaqların əqli inkişaf prosesi ilə elmi proses bir çox cəhətdən fərqlənsələr də, bu iki şeyi bir araya gətirən məsələ öyrənmədir. Birincidə, uşaqlar aid olduğu dünyanın və cəmiyyətlərin ənənələrini və qaydalarını öyrənirsə, ikincidə alimlər təbiətin qanunlarını öyrənirlər. Eynilə uşaqlarda olduğu kimi, elmdə də inkişafa müxtəlif ideyaların təcrübə və nəzəri müzakirələr şəklində sınanması ilə nail olunur. Lakin, burada çox incə bir məqam var. Doğrudur, istifadəsinə yenicə başlanmış kurrikulum sistemi uşaqları təqdimat, müzakirə və sair kimi aktiv fəaliyyətlərlə məşğul olmağa təşviq etsə də, bu yollarla öyrənmə, real elmdəki öyrənmədən çox ciddi bir şəkildə fərqlənir. Belə ki, alimlər, Newtonun sözü ilə, “özündən əvvəlki nəhənglərin çiynində dayansalar da”, 200 səhifəlik kitabla biologiya öyrənməyə çalışan bir şagird, uzağı həmin nəhənglərin şalvarlarının balaqlarından sallana bilər.
Müasir elmin əhəmiyyətli hissəsi axtarışdan ibarətdir. Sürətlə artmaqda olan elmi ədəbiyyat qarşısında çox vaxt ən təcrübəli alimlər belə aciz qalırlar. 19-20-ci əsrlərə qədərki dövrdən fərqli olaraq, artıq heç kəs, öz sahəsinin keçmişini və indisini mükəmməl şəkildə bildiyini iddia edə bilməz. Hər gün çap olunan yeniliklərlə ayaqlaşmağa çalışan alim, sahəsinin tarixini, hansısa elm sahəsinin keçmişini ciddi şəkildə öyrənmək istəyən alim isə, sahəsindəki yenilikləri izləyə bilmir. Artıq alimlər hətta öz sahələrində belə ədəbiyyatla ayaqlaşa bilmirlər və nəticədə, elm sahələri getdikcə daha da xüsusiləşir. Bu xüsusiləşməyə baxmayaraq, hər bir alim vaxtının əhəmiyyətli hissəsini elmi ədəbiyyatda axtarış içində keçirir, yeni şeylər öyrənir, həmin yeniliklərin öz işi ilə əlaqəsini tapmağa çalışaraq, öz işində yeni cığırlar açmağa çalışır, fikirlərinin daha əvvəl başqaları tərəfindən yoxlanıb-yoxlanmadığını öyrənir. Axtarış, alimin araşdırma ideyaları üçün süzgəc rolunu oynamaqdan əlavə, həm də maraqlandığı təbiət qanunlarını öyrənməsinin ayrılmaz bir hissəsidir; alim nəhəng bir informasiya landşaftında gəzinir, burada nələrin olduğunu, nələrin olmadığını öyrənir, öyrəndikcə öz istiqamətini tapır və ərazini inkişaf etdirir.
Təhsilin məqsədi dünya haqda öyrənməkdən universitetə qəbul olmağa doğru dəyişdikcə, onun mənası da paralel olaraq itir. Bizdə və dünyanın bir çox ölkəsində (xüsusilə Şərqi Asiya ölkələrinin) təhsil sistemi qarşısında qoyulan əsas məqsəd, uşaqların dünya haqda öyrənməsi yox, onların uğurlu şəkildə universitetlərə hazırlanmasıdır. Bunlar, bir-birilə birbaşa ziddiyət yaratmasa da, hansının başlıca məqsəd olduğu təhsil prosesinin necəliyini təyin edir. Universitetəhazırlayan təhsil sisteminin özünəməxsus resursları və metodları olur ki, bu metodlar və resurslar dünyaöyrədən təhsil sistemindəkindən ciddi şəkildə fərqlənir. Təəccüblü olmamalıdır ki, birinci metodlar çox vaxt cəmiyyət üçün azad düşüncəli, bilikli və bacarıqlı fərdlər istehsal etmir; sistemin məqsədi onsuz da bu deyil!
Sözünü açdığım 200 səhifəlik kitab da məhz universitetəhazırlayan təhsil sisteminin məhsuludur. Məktəb dərslikləri, bazarda mövcud olan, müvafiq yaş qruplarındakı uşaqlar üçün yazılmış kitablarla birgə, uşaqlara açıq olan məlumat bazasını təşkil edir. Yəni, 6-cı sinif şagirdi, coğrafiyanı ya dərslikdən öyrənəcək, ya da 12 yaşlı uşaqların başa düşəcəyi dildə yazılan elmi-kütləvi kitablardan. Elmi nəşriyyatın ölmüş olduğu ölkəmizdə, uşaqlara əlçatan olan məlumat bazası böyük ölçüdə dərsliklərlə sərhədlənir. Belə olan halda, dərsliklərin 200 səhifə və şəkillərlə dolu olması o deməkdir ki, 12 yaşlı uşaqların biologiya haqda öyrənəcəyi həmin 200 səhifə ilə sərhədlənməlidir. Hansısa elm sahəsini 200 səhifəyə sığışdırmağa çalışmaq isə, həm uşaqlara, həm də həmin elm sahəsində əsrlər boyu çəkilmiş əziyyətə təhqirdən başqa bir şey deyil. Ona görə də, ən azından ölkədə elmi nəşriyyat ənənəsi formalaşmadığı müddətcə, uşaqların dərslikləri daha genişləndirilməlidir. Daha qalın kitabda mövzunu daha maraqlı, daha yavaş, anlaşılan və əyləncəli şəkildə açmaq, onun keçmişindən, indisindən, dünya ilə əlaqəsindən danışmaq, yeni şəkillər əlavə etmək, real dünyadan misallar vermək və s. olar. Bir başqa sözlə, qalın kitab alimlərin gəzindiyi landşaftı uşaqlara üzünə açacaq və sərbəst şəkildə orada gəzinib, yeni kəşflər etmələrinə imkan verəcək.
Öyrənmə informasiyanı qəbul edib istifadə etməklə baş verir. Uşaqlarımızı 200 səhifəlik informasiya qutusuna qoyub, onlardan istədiyimiz qədər təqdimat vermələrini, müzakirə aparmalarını, aktiv olmalarını istəyə bilərik, lakin, məlumat bazası zəif olduqda istifadə edilməli də heç nə olmur, necə deyərlər, this is not rocket science. Təbii ki, qalın kitablar, kitabdan istifadənin də dəyişməsini tələb edir. Məsələn, hal-hazırda uşaqlardan dərslikləri məktəbə gətirmələri tələb olunur ki, bu da kitabların daha qalın olmasının qarşısını alır. Lakin, dərslik gətirmə məcburiyyətinin özü, məktəblərdə və onların istifadə etdiyi təhsil metodlarındakı əskiklərdən xəbər verir. Təhsillə məşğul olan qurumların başlıca məqsədləri uşaqların istifadə biləcəyi resurslar və mühitlər yaratmaq olmalıdır. Əgər uşaqların məktəbdə də hansısa resurslardan istifadə etməsi istənilirsə, bunun üçün yaxşı təchiz olunmuş, geniş kitabxanalar, əşyalarını qoymaq üçün şkaflar, internet çıxışı olan kompüterlər olmalıdır, kitabla dolu çanta yox. Qalın kitabların, geniş kitabxanaların, şkafların varlığında, onsuz da dünya ilə həddən artıq maraqlanan uşaqlar o resurslara əl uzadıb, dünya haqda öyrənib, maraqlarını kəşf edəcəklər
\\\ Aleksandra Elbakyan - Elmin Robin Hoodu
http://sci-hub.cc/
Bu qədər ili Aleksandranı tanımadan keçirdiyimi düşünmək çox utancvericidir və sən də mənim kimi uzun müddət qaranlıqda qalmayasan deyə bu fövqəlade postu yazmalıyam, yoldaş oxucu. Elbakyan yoldaşımızın elm və insanlıq üçün etdiyi, o qədər açıq-aşkar inqilabi bir şeydir ki, bu haqda uzun-uzadı ballandıra-ballandıra yaza bilmirəm, buna heç ehtiyac da yoxdur. Amma bu qədərini demək kifayət edər-- Aleksandra təkbaşına elmi biliyin üstünə vurulmuş acgöz kilidləri qıraraq, Yer üzündəki qeyri-bərabərliyin mühüm bir hissəsini aradan qaldırıb. Məhz onun sayəsində bu ölkədə hansısa qoca rüşvətxor qoturun elmi jurnallara keçid almasını gözləməli deyilik. Məhz onun sayəsində Azərbaycan kimi ölkələrdə elmlə məşğul olmaq istəyən insanların artıq elmi məqalələrə əli çatır. Bu xidmətinə görə yoldaşın qarşısında papağımızı çıxarırıq və icazənlə şairin sözü ilə bu yazını bağlayırıq.
Aleksandra - qayaları dağıdan bir çiçək, Aleksandra - çiçəklərin içində ağac. Mənim könlüm bu qadını vəsf eləyərək, sci-hub.cc-dən baxar dünyaya.
Aleksandra - kodları nur, qayəsi nur ki... Hər linkindən alov dilli ox ola bilər. “Elbakyan!” - deyiləndə ayağa dur ki, Yer Ananın ürəyinə toxuna bilər!
Pubmed Taraz