İslam Səfərli - “Gəlin daş”
Qayaların zirvəsində duran qız, Camalına pərvanədir ay-ulduz. Yaranmısan danışasan, güləsən. Niyə məlul dayanmısan belə sən?
Qara qaşın bu dağların qaşımı? “Gərdəni” çay gözlərinin yaşımı? Ucadasan, yaxın gələ bilmirəm, Sirlərini, vallah, bilə bilmirəm.
Özün daş, heykəlin daş, “Gəlin daş”, ay “Gəlin daş!” Ətəklərin ağ çadırlı obadır, Unus kəndi sirlərinə yuvadır.
Daş olsan da, dirilərdən dirisən, Cəviz yığan gəlinlərin birisən. Buz çeşmələr gözlərinə dolaydı, “Zəris güney” seyrangahın olaydı, Tərpənmirsən, yerimirsən barı sən, Heç olmasa boylan bizə sarı sən.
Ayağın daş, əlin daş, “Gəlin daş”, ay “Gəlin daş!” Tarixlərin dərdimi var, sinəndə, Danış, dünya dağılmaz ki, dinəndə!
Ayağından çaylardımı çağlayan, Qucağında körpəmidir ağlayan? Nədir, nədir üzündəki bu kədər? Qorxma, yarın döyüşlərdən sağ gələr.
Əfsanəni soruşuram gecədən, Taleyini necə yazım, necə mən? Zirvən daş, təməlin daş, “Gəlin daş”, ay “Gəlin daş!”

















