Gecə
Yaşadığımız həyat, kimiləri üçün labirint, kimiləri üçün ümidlər dənizi, kimiləri üçün reallıq, kimiləri üçün isə əzabdan başqa bir şey deyil. Həyat təsadüflərlə doludur.Bizlərə müxtəlif süprizlərlə yaşamağı öyrədən təsadüflər.Həyatın hər kəs üçün başqa mənası var. Bəs görəsən gecənin mənası nədir? Məncə gecə bir fəhlə üçün isti ev, mehriban ailə, bir neçə saatlıq yuxudur.Bəlkə bir kimsəsiz üçün işıq düşməyən, soyuq, qaranlıq daş zindandır ya da ümidsizlər üçün şirin zülmətdir. Övladı səngərdə olan bir ananın qorxusudur. Ailəsi olmayan biri üçün evə qayıtdığı zaman gördüyü sadəcə soyuq divarlardır. Düşüncələrini səmadan başqa yerdə canlandıra bilməyən bir uşaq üçün boş səhnədir. Bəlkə bir insanın gündəlik hansı işlər gördüyünün hesabını verdiyi əməl dəftəridir. Bəlkə gündüz insanlar arasında yalnız qalan bir qadının, dərd ortağıdır. Gecə bir günahkarın səssiz filmidir. Bəlkə bir yazıçının əvəzsiz ilham mənbəyidir. Gözləri görməyən birinin sevincidir ya da bir atanın sonsuz qayğılarıdır. Gecə, dostun səmimiyyətidir.Bəlkədə yatanlar üçün qış nağılıdır. Gecə, səssizlərin sükutudur, ya da ölümünü gözləyən xəstənin qum saatıdır. Gecə yalnızlara səmadakı ulduzları dost verən bir xeyirxahdır. İtirdiklərinin dəyərini gec anlayanlar üçün peşmanlıqla dolu, boş otaqdır. Bəlkə bir tələbənin xəyal deposudur. Bəlkə həsrət çəkənlərin, çarəsizliyidir. Gecə bəzilərinin düşünmə, bəzilərinin isə sıxıntı səbəbidir. Və insanlar fərqlidir. Bəlkədə bəzi insanlar, gündüz qədər sevmir gecəni ama məncə hər birimizin, arada-birdə olsa gecə ilə dərdləşməyə ehtiyacımız olur.
03:21 3/27/2019












