Böyümək nə vaxt başlayır?
Səhərləri yuxudan tez oyanmağa məcbur olduğumuz gün?
Çayımızın ilıq olmasını gözləmədiyimiz, ağlamağımız yıxılıb dizlərimizi qanatmaqdan başqa bir səbəbə görə, olduğu gün?
Hansı gün idi ki, o gün? Nə zaman oldu?
Bir də baxdıq ki, artıq “elə” deyil, “belə”dir.
Xatırlamıram ilk dəfə hansı gün saçlarımı özüm yudum, hansı gün yolu özüm keçdim? Nə zaman əlini tutmağa güvəndiklərimin əlindən ayrıldı əlim? Nə vaxt boyum qapının dəstəyinə çatıb getməyi öyrəndim?
Atam-stəkanın 1/2-i qədər su gətir, ailə üzvlərinin sayı qədər almanı bərabər kəs deyə-deyə öyrətdi riyaziyyatı. Xatırlayıram hamısını, amma o ən son, o böyüdüyüm, ən, ilk günü xatırlamıram.
Necə bacardım doğru zamanda susmağı, özümü eşitdirməyi ? Nə zaman gücümün sehrini anladım? Nə zaman dinləməyi, dost olmağı, vəfalı olduğumu göstərə bildim? Necə oldu güvənməyi, çox sevməyi bacardım?
Unutmamaqlarla qarışıq Unutdum…