"Böhtan atmaqdan həzz alanlarla mübarizə aparmağın yolu onlara qulaq asmamaqdır". Son günlər həyatın, həqiqətən də, ən #ALİ məktəb olduğunu dərk edirəm. Yaşadıqca böhtanın qılıncdan da təhlükəli silah olduğunun şahidi oluram. Yaşadıqca “Qar kimi ağ olsan da, iftiradan qurtula bilməzsən” fikrinin həqiqət olduğunu görürəm. Təəssüf ki, bu hissləri mənə inandığım, hörmət etdiyim insanlar yaşadır... Nədənsə mən insanların həm də böhtankarlığını, üzə bir, arxaya başqa sifətlərinin olmasını qəbul etmək istəmirəm. Bilirəm, “cəmiyyətdə belələri də olmasa, həyat monoton olar”, “pis olmasa, yaxşıların qədri bilinməz” və s. kimi bəhanələr gətirəcəksiniz. Amma mən bir şeyi dərk etməkdə və qəbul etməkdə çox çətinlik çəkirəm ki, əgər biri heç kəsə dəyib-toxunmur, yalnız öz fəaliyyəti, öz ailəsi, yaxınları, onu sevənlərlə yaşamaq istəyirsə, niyə buna mane olurlar? Hansı məntiqlə? Hansı məqsədlə? Əllərinə nə keçir? Xəstəlik deyilmi bu? Bunun müalicəsi niyə yoxdur? Aman Allahım, bu suallar mənə aman vermir. Mən bu cür xislətli insanların yaşadığı dünyada az qalıram boğulam. Amma əgər boğulsam, o “iftira atmaqla həyat sürən insanlar”ı kim susduracaq? Onların əsl simalarını açan olacaqmı? Axı bu zavallı düşüncəli insanlar ətrafdakıları usandırmamaq, həyatdan küsdürməmək, əməllərindən əl çəkmək üçün neçə qəlblər qırmalı, nə qədər günah qazanmalıdırlar. Axı nə vaxta qədər arada söz daşıyacaq, zəhməti ilə önə çıxanların zəhmətinə kölgə salacaq, “burda mənəm, Bağdadda kor xəlifə” deyəcəklər?! “Üç günün dünyasıdır”, “fikir vermə, it hürər, karvan keçər” kimi fikirlərdən də bixəbər deyiləm. Amma alınmır! Özünə ucuz həyat axtaranlarla qarşılaşanda əhəmiyyət verməmək olmur. İnanın, şərçi-böhtançı insanlar kiminsə çəkdiyi zəhməti kor kimi görməzdən gəlib ona qara yaxmaqla necə böyük günah etdiklərinin fərqində belə deyillər. Çünki həmin an iftiraya məruz qalan birini narahat edən həm də atılan böhtanlara inanlar, onların sevgisini itirmək qorxusudur. Bu baxımdan qədim yunan tarixçisi Herodotun yanaşması da kifayət qədər maraqlıdır: “Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan”. https://www.instagram.com/p/CGZWkyqhTeS/?igshid=1ku7wdsqt1f61