Sükutun əks-sədası olurmu?
Bu hal, olmayan bir cismin kölgəsi qədər gülüncdür. Sükutun əks-sədası yenə sükutdur.
Səs – metal tellərin titrəməsi, cisimlərin toqquşması, hava dalğalarının ehtizazı isə, sükut – qəlb tellərinin titrəməsi, gerçək həyatda arzuların toqquşması, idrakın dalğalanması deməkdir.
Ən qorxunc səs müxtəlif elektrik qütblərinin çaxnaşması – ildırım, uçurumlardan qıjıltı ilə hücum edən şəlalə, nərilti ilə ərzi titrədən topların gurultusudur.
Lakin içimizdə, iradəmizlə hislərimizin çaxnaşmasını, arzularımızın həyat uçurumundan yuvarlanıb gerçəklik qayalarına çarparaq parçalanmasını, ruhumuzu oxşayan gözəl bir qızın baxışlarından qəlbinizə atılan atəşi duyun, dinləyin!
Hansı daha dəhşətli? Hansı daha sarsıdıcı?
Əvvəlki səsli hadisəmi, sonraki sükutmu?
Budur sükutun hikməti.
ƏRTOĞRUL CAVİD.













