Yuval Noah Harari - 21-ci əsr üçün 21 dərs
Çox dolğun məntiqə və informasiya yükünə sahib bir kitabdır.
Əvvəlki əsərləri olan Sapiens və HomoDeus-un bir növ davamı hesab etmək olar.
Məni qane etməyən 2-3 məqam oldu, qalan hissələri mükəmməl səviyyədə düşündürücü, üfüq açıcı hesab etmək olar. Müəllifin zəka səviyyəsinə qibtə etməmək mümkün deyil.
Qane etməyən hissələrdən biri: Bəzi etik dəyərləri doqmalardan tamamilə uzaqlaşaraq, sırf elmlə, rasionallıqla izah etməyə çalışmaq kimi cəhdlər, hansı ki, buna əvvəllər də girişənlər çoxsaylıq tənqidə məruz qalmışdır. Burada da müəllif eyni cəhdləri edir kitabda kiçik bir hissədə. Məsələn adicə "niyə insest olmaz" fikrinin izahı zamanı çox tələskən və bişməmiş bir iki fikir səsləndirib məsələni bitmiş hesab edir və hətta izahının qaneedici olması havasında olur. Halbuki bu bir cümlə ilə izah edilən bəsit şey olsaydı, bu qədər mübahisə mövzusu da olmazdı.
Qane etməyən məqamlardan digəri: terrorla hər hansı avtomobil qəzalarını, diabeti və.s. müqayisə etmək kimi məntiqi yanlışlıqlar. Düzdür, bu müqayisələr zamanı əsas mövzu bu deyildi, sadəcə üstündən ötəri keçdi, amma yenə də, yanlış hesab etdiyim üçün qeyd etdim.
Ölçü vahidləri və təzahür formaları mahiyyətcə tamamilə fərqli olan iki anlayışı yekun nəticə - qurbanların sayı rəqəmi ilə müqayisə etmək məntiqi baxımdan doğru deyil.
Digər bir problem: 1984 və Brave New World əsərlərini müqayisə edərkən Brave New World-ə ifrat üstünlük verməsi.
Bu da fikrimcə, digər bir məntiqi problemdən qaynaqlanır - baş verməyən bir hadisənin effekti baş verən hadisənin effektindən qat-qat aşağı olur.
Məsələn hansısa terror aktında 100 insan həlak olur, bir qəhrəman polis son anda müdaxilə edərək 5 insanın həyatını xilas edirsə - bu polis kütlənin gözündə daha böyük qəhrəman hesab ediləcək, nəinki hansısa bir polis bu terror aktını öncədən duyub hadisənin qarşısını ümumiyyətlə alarsa və heç kim həlak olmazsa.
Rasional olaraq ikinci daha böyük qəhrəmanlıqdır. Amma ikincidə emosiya yoxdur, tamaşa yoxdur deyə birinci daha böyük qəhrəmanlıq hesab edilir.
1984 və Brave New World yanaşmasında da müəllifdə sanki bu hiss edilir (hərçənd müəllif bu dediyim fenomenlərin fərqində olacaq zəkada bir insandır, amma mən sıfr oxucu olaraq müşahidəmi deyirəm) - 1984 xəbərdarlıq mesajı idi - baxın belə bir real təhlükə gözləyir bizi - və böyük effekti oldu dünyada milyonlarla insanın gözlərini açdı.
Brave New World isə müəllifin özünün də dediyi kimi, daha ağır fəlsəfi yükə malikdir - təsvir olunan antiutopiyanın pis yoxsa yaxşı bir gələcək olduğunu da məntiqi olaraq ayırd etmək çətindir.
Və müasir texnologiyaların yaşamımıza daxil olması, süni intellekt, sosial media, Internet of Things və.s. kimi şeylər Brave New World-un ilkin qaranquşlarıdır - bir çox problemləri həll edir, əvəzində bir çox şeyləri bizdən alır. Və bu tendensiya get-gedə sürətlənir.
Brave New World-də insanların heç bir dərdi yoxdur, hamı xoşbəxtdir, hamının hər şeyi var, heç kim dərdsizlikdən də depressiyaya düşmür - buna qarşı da asan dərman var - vəə? daha nə lazımdır ki insana? Bu sual yaranır. Amma bunlara nələrdən məhrum olmaq hesabına nail olunub - problem də buradadır. İnsanı insan edən bir çox şey insan həyatından çıxarılıb və insanlar demək olar ki biorobot olaraq yaşayırar.
Tərəzinin bir gözündə insanın dərdsiz və xoşbəxt olması, amma insanlığını itirməsi durur, digər gözündə isə insanı insan edən hər şeyin qalması - ağrısı və acısı ilə birgə - belə bir çətin məsələdən bəhs edir Brave New World. Amma yenə də dediyim kimi, bu 1984-ü müqayisə edib küçümsəmək üçün əsas vermir - 1984-dəki daha yaxın və daha real təhlükələr reallaşmış olsaydı, dünyada İstAsiya, Okeaniya və.s. kimi 3-4 dövlət yaransaydı, müəllif yəqin ki bu tip müqayisə də etməzdi. Zira, əlində o müqayisəni kökündən baltalayan yaşanmış təcrübə olardı.