özüm
bu mahnıdakı o hər yeri gəzib görmüş, amma heç vaxt xoşbəxt olmamış səyyahı özümə çox bənzədirəm.
fərq yalnız onun yaşını almış kamil səyyah olması, mənimsə yolun lap əvvəlində olan gənc olmağımdı.
ailənin problemsiz, məsuliyyətli, çalışqan, əlaçı, öz problemlərini özü həll edən üzvüsən. dərslərin çox yaxşıdı. öz layihələrin var. heç kimdən kömək istəmədən özün öz layihələrini idarə edirsən, işlədirsən və azdan-çoxdan uğurun var. ixtisasını sevirsən və professional olmaq üçün çox çalışırsan. öz inkişafına çox önəm verirsən. ən əsası, insan olmağa çalışırsan; ədalətli, mehriban, vicdanlı, dürüst, özün kimi.
amma niyəsə səndə hər zaman nəsə əskikdi, xüsusən də, o əksik olan şeylər başqa insanların yaşama səbəbidir: xoşbəxtlik kimi, sevgi kimi, gənclik kimi.
insanlara niyə isə sənin dürüstlüyün lazım deyil. yaxud da ədalətli olmağa çabalamağın necə gülünc cəhdlərdi.
yaşıdların restoranlar kəşf etməkdən xoşbəxtdilər. uzağı, neftlix hesabı alıb həftədə 1 serial bitirib instagramda paylaşmaq onları "cool" edir.
hamı xoşbəxtdi. facebook statuslarında, yaxud instagram storylərində özlərini depressiv göstərirlər, çünki depressiv olmaq dəbdi, heç bir üsyankar yeniyetmənin rehabilitasiya mərkəzi görmüşlüyü, anti-depresan almışlığı yoxdur. onların tək istədiyi diqqətdi.
və mən hələ də xoşbəxt deyiləm.
gəncliyi yaşamamışam, nə demək olduğunu da bilmirəm. ikinci dünya müharibəsinin dədə-babasını söyüb bütün günü konsertlərdə passiv üsyan edən 60-lar gəncləri olmaq arzum yoxdur, amma onların o hallarına çox qiptə edirəm.
heç bədbəxtlik də hiss eləmirəm.
inanıram ki, mənim məsələmin bədbəxtliyi buradadı. həyatın ən neytral yerində özümə gizlənəcək bucaq tapmışam. heç kimə yaxınlaşmıram, amma mənə yaxınlaşana qapı bağlamıram.
ən asan yaşanılan dövrün ən mürəkkəb uşaqlarıyıq.
danışdığımız hər şey fərziyyə və əfsanələrdən ibarətdi.
sevməyi, sevilməyi, gülməyi, əylənməyi, ağlamağı, qışqırmağı, etiraz etməyi, qəbullanmağı, barışmağı, söyməyi, dava etməyi, hörmət etməyi, şillə vurmağı bacarmırıq. ən çox da xoşbəxt və bədbəxt olmağı.
biz ən asan yaşanılan dövrün ən mürəkkəb uşaqlarıyıq.
və mən hələ də xoşbəxt deyiləm.











