Kim olmaq istədiyimizə, gələcəyimizi necə inşa edəcəyimizə biz qərar veririk. Hər şey özümüzə nə qədər dürüst olmağımızla bağlıdır. Uşaqlıqdan bu yana oxuduqca, özümü kəşf etdikcə başa düşmüşəm ki, mən əsla özünü ailəsinə, övladlarına həsr edən bir qadın ola bilmərəm. Günümü hər gün üçün yemək bişirməklə, həyat yoldaşıma, övladıma vaxt ayırmaqla, ev təmizləməklə keçirə bilmərəm. Mən standart ailə, qadın məfhumundan olduqca uzaqdayam. Adi evlilik mövzularının sözü düşərkən özümü necə rahatsız, pis hiss etdiyimi izah edə bilmərəm. İçimdə bir sıxıntı məni didir. Məsələ ev işi görmək üçün tənbəl olmaq deyil, yaxud da problemlərlə mübarizə aparmağa gücsüz olmaq. Bir qadın ailədən, övladdan ötə bir fərddir. Digər insanlar kimi qadının arzuları, istəkləri, xəyalları olur. Yəqin ki, rastlamısınız çox vaxt qadınlar dərin təəssüf hissi ilə danışırlar arzularından - cavanlığımda, qız vaxtımda, evlənmədən öncə filan filan şeyləri etmək istəyirdim deyə başlayır cümlələri. Mən öz məqsəd və istəklərimi evlilik üçün, bir kişi üçün məhv edə bilmərəm, əgər onlara göz yumsam özümün məhv olacağını bilirəm, mən yaşayarkən ölü olmaq istəmərəm. Ona görə də indiyə kimi özümü əsla hər hansısa bir ailəyə gəlin gedərkən, yaxud kiminsə həyat yoldaşı kimi təsəvvür etməmişəm. Təsəvvürünü düşünmək belə gözümə kabus kimi görünüb, özümü çox pis hiss etmişəm. Sevginin məni dəyişdirəcəyini düşünmüşəm ara-sıra, amma sonra görmüşəm ki, nə dəyişmək? Mən pis nə edirəm ki dəyişim də? Mən buyam, niyə başqalarının yaxud da sevdiyim adamın məndən gözləntiləri üçün özümü dəyişməliyəm?
Mənim evlilikdən, həyat yoldaşından gözləntilərim olduqca fərqlidir. Məsələn toyumda valideynlərimin çağırdığı yox öz istədiyim insanları görmək istəyirəm. İllərlə arayıb axtarmayan hər hansısa bir qohum mənim toyumda nə haqla iştirak edir? Mənim nə etdiyimlə, necə bir həyatım olmasıyla maraqlanmayan bir insan mənim niyə ən özəl günümdə iştirak etməlidir? Ailə dedikdə bir qadının öz kişisinə, övladlarına ayırdığı vaxtdan əlavə öz başına vaxt keçirməyə, inkişaf etməyə, oxumağa, araşdırmağa ayrıca sahə ayrıldığı və bunun olduqca normal qarşılandığı bir məfhum başa düşürəm. Çünki mən bir qadın kimi öz üstümdə işləmədikcə, istəklərimi reallaşdırmadıqca əsla xoşbəxt ola bilmərəm. Daxilən xoşbəxt olmadıqca başqasını necə xoşbəxt edə bilərəm? Həyat yoldaşım olacaq insan mənə dəstək olmasa, məni arzularım üçün həvəsləndirməsə mən onla niyə bir ömür boyu yol yoldaşı olum?
Bunları yazdıqca yazdıqlarımın tamamilə əksi olan qadınların əsla həyatlarını kiçimsəmirəm, yaxud da yuxarıdan baxmıram. Çünki mən də özünü ailəsinə həsr edən, cəsur qadının yetişdirdiyi bir övladam və bu yolda addımlayan xanımlara daim içimdə dərin hörmət bəsləyirəm, əllərindən öpürəm. Hətta əziyyətlərinin qarşılığının almadıqları üçün heyfslənirəm, çünki həqiqətən bir ömür həsr edirlər və bu inanılmaz müqəddəs bir şeydir.
Yazdıqlarım eqoistcəsinə səslənə bilər, amma bu reallıqdır. Öz həyatını yaşamadığına görə dərin depressiyada olduğunu başa düşməyən, baxımsız olduğuna görə xəyanətə uğrayan və bunun çox sonradan fərqinə varan onlarla qadın tanıyıram.