Dənizkənarı park ilə üzü Park Bulvar ticarət mərkəzinə tərəf gedəndə yolüstü söhbət eləməyə başladığım əsgər "Çox adam bizə pis baxsa da, biz heç dustaqların üstündə durmuruq, hətta onları qoruyuruq da" dedi. Forması Milli Ordunun ənənəvi xəki rəngli formasına oxşadığından məni aldatmışdı. Düşünürdüm ki, Bakıətrafı dislokasiya olunmuş Hava Hücumundan Müdafiə Qüvvələrinin əsgərlərindəndir.
Söhbətimizə davam edə-edə gedərkən "Qaqaş, haranın əsgərisən?" sualı ilə söhbətə başladığım məzuniyyətdə olan Ədliyyə əsgəri qarşıdan gələn Ədliyyə Nazirliyi mündirli kiçik rütbəli zabitlərlə hərbi salamlaşdıqdan sonra mənim "Nə mənada qoruyursuz dustaqları?" sualıma cavab olaraq mövzunu davam etdirib dedi ki, "gecələr bir də görürsən içəridə yatan adama nəsə eləmək üçün maşınla gəlib zonun qırağında fırlanırlar. Biz də polisə xəbər edirik, gəlib saxlayıb sorğu-sual edirlər". Təəccübümə səbəb olan cavabın ardınca "Nəsə eləyən olub ki? Yəqin 90-cı illərdə olar elə şey" sualını verdim. Cavab kimi “Bir neçə il əvvəl namus üstündə içəridə yatana nəsə eləmək üçün gəliblər” - cümləsini eşitmək məni lap təəccübləndirdi.
Söhbətin davamında dustaqlarla əlaqələrinin olub-olmadığını, kimisə tanıyıb-tanımadıqlarını soruşdum - baxmayaraq ki, bu sualın cavabı məlum idi. Cavabında heç bir dustağı görmədiklərini, ancaq müəyyən postlarda və vışkada olduqlarını dedi. Qiyabi olaraq tanıdıqlarından, ancaq Lotu Qulinin adını çəkdi.
Əvvəlki söhbətlərimizdə isə him-cimlə "şəhərə gəzməyə də, yəqin pul verib çıxırsınız" deyib "samavolkaya çıxmaq" məsələsinə toxunduqda, təsdiqləyərək, ya maaşı (11 manat +) verdiklərini, ya da ki, evdən pul göndərtdirib şəhərə gəzməyə çıxdıqlarını dedi. İndi isə məzuniyyətdə olduğunu bildirdi. Getdiyimiz ünvana doğru yaxınlaşdığımızdan həmsöhbətimiz olan əsgər və yanındakı dostları ilə sağollaşıb yolumuza davam etdik.