Yeni il işıqları eynəksiz daha gözəl görünürlər.
Bunu düşünəndə fərqinə vardım ki, bəzən nələrisə aydın görməmək daha böyük zövq və xoşbəxtlik verə bilir. Bəlkə də elə buna görə bəzən sevdiyimiz məqamlarda aydın görməməyi seçirik.
-----
Bu aralar əlim çatmaz, ünüm yetməz insanlar üçün darıxıram. Darıxdığın insana sadəcə səsini eşitmək üçün zəng edə bilməmək necə çətin imiş.
-----
Bu aralar ən çox necəsən suallarından yayınıram. Açığı necə olduğumu özüm də bilmirəm ki izah edəm.
-----
Bu aralar özümü təqdim edəndə nələri qeyd etməliyəm bilmirəm. Daha əvvəllər etməyi sevdiyim məşğuliyyətləri artıq etmirəm. Getdikcə məndən geriyə bir mən qalmır hissinə qapılıram. Artıq daha çox qrammatik səhvlər edirəm, amma daha az buna fikir verirəm.
-----
Deyəsən, necəsən sualından sonra qaçdığın sual "nə edirsən"-di. Nə edirsən, nə istəyirsən, nə gözləyirsən, arzuların nədir. Özümlə bağlı heç bir suala artıq cavab verə bilmirəm.
Bəlkə də əvvəllər də tam özüm olmamışam, ona görə də "etməyi sevirəm" dediyin heç nəyi sözün əsl mənasında bacarmıram. Hər sahədə dayaz qalmışam, dərinə getməmişəm, ona görə də planktonlar kimi axıntıya məğlub oluram, dərinə gedib tutuna bilmirəm.
Bəlkə də heç bir zaman nə istədiyimi həqiqətən bilməmişəm və özüm olmamışam. Özümü daim idarə edilən marionetlər kimi hiss edirəm. İdarəsiz qalanda qolları aşağıda sadəcə gözləyirəm.
Ona görə 2024 üçün hədəflər yazanda nə yazacağımı bilmirəm, deyəsən ilk bənd özünü anlamaq olmalıdır, amma bu özlüyündə o qədər abstrakt səslənir ki, hardan başlayasan, necə başlayasan.













